DÜNYA
İsveç və Norveç hökumətləri fövqəladə hallarda yardım göstərilməsi üzrə texniki sistemləri inteqrasiya edəcəklər
Stokholm, 17 noyabr, AZƏRTAC
İsveç KİV-lərinin verdiyi məlumata görə, Norveç və İsveç hökumətləri fövqəladə hallarda yardım göstərilməsi üzrə hər iki ölkənin milli texniki sistemlərinə qarşılıqlı qoşulma haqda yeni müqavilə imzalayıblar.
Jurnalistlər qeyd edirlər ki, bu sistemlərdən xilasetmə xidmətləri, hərbçilər, mülki təhlükəsizlik təşkilatları, təcili yardım xidməti, polis, habelə gömrük xidməti istifadə edir.
Müqavilə çərşənbə günü Norveçin Meroker kommunasında keçirilmiş birgə Norveç-İsveç təlimləri çərçivəsində imzalanıb. Burada yardım göstərilməsi xidmətlərinin nümayəndələrinin iştirakı ilə birgə şəbəkələrin işi də testləşdirilib.
İsveç ilə Norveç arasında yeni müqavilə Avropa İttifaqının üçillik “ISITEP” (Inter System Ineroperability for Tetra-Tetrapol networks) layihəsinin başa çatması ilə bağlıdır. İctimai təhlükəsizliyin təmin edilməsi və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün iqtisadi baxımdan səmərəli qlobal qərarlar qəbul olunmasına yönəldilmiş bu layihədə İsveç və Norveçlə yanaşı, Belçika, Danimarka, Yunanıstan, Finlandiya, Fransa, İtaliya, Niderland və İspaniya da iştirak edirdi.
İsveçin daxili işlər naziri Anders İqeman bu sənədin imzalanması ilə əlaqədar çıxışında deyib: “Bu, bizim sərhədaşırı əməkdaşlıq imkanlarımızın möhkəmləndirilməsi istiqamətində mühüm addımdır. Sərbəst kommunikasiya sayəsində xilasetmə əməliyyatlarının aparılması asanlaşacaq, qəzalar və böhranlar zamanı, habelə cinayətlərin qarşısını almaq üzrə əməkdaşlıq fəallaşacaq”.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm