DÜNYA
İsveç və Səudiyyə Ərəbistanı arasında münasibətlər normallaşır
Stokholm, 29 mart, AZERTAC
İsveç və Səudiyyə Ərəbistanı arasında münasibətlər normallaşır. Bunu İsveçin xarici işlər naziri Marqot Valström mətbuat konfransında bəyan edib.
Səudiyyə Ərəbistanı səfirinin Stokholma qayıtdığını bildirən nazir deyib: “Biz münasibətlərimizi dərhal normallaşdıra bilərik və Səudiyyə Ərəbistanı səfirinin İsveçə qayıdışını alqışlayırıq. Səudiyyə Ərəbistanı nüfuzlu ölkədir. Buna görə də bizim üçün ikitərəfli münasibətləri bərpa etmək vacibdir”.
Mətbuat konfransında çıxış edən hökumətin xüsusi nümayəndəsi Börn fon Syudov məlumat verib ki, İsveç kralı XVI Karl Qustavın və baş nazir Stefan Lövenin məktubunu təqdim etmək üçün ötən cümə günü kral Salman bin Əbdüləziz Al Səud və şahzadə Məhəmməd bin Salmanla görüşüb. İsveçin xüsusi nümayəndəsi deyib: “Mən İsveç tərəfinin fikirlərinə görə yaranmış anlaşılmazlıqdan təəssüfümüzü, habelə dialoqu davam etdirmək barədə arzumuzu çatdırdım”.
Xatırladaq ki, martın 11-də Səudiyyə Ərəbistanı İsveçdəki səfirini geri çağırıb, bir həftə sonra isə bu ölkənin biznesmenlərinə işgüzar viza verilməsini dayandırıb. Ərəb dövləti hakimiyyəti öz qərarının səbəbini ictimaiyyət qarşısında açıq bildirməsə də, onun bu addımı mətbuatda İsveç hökumətinin hərbi sahədə ikitərəfli əməkdaşlıq müqaviləsini uzatmamaq qərarına cavab kimi qiymətləndirilib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm