DÜNYA
İsveçdə bələdiyyə və parlament seçkilərinin nəticələri açıqlanıb
AZƏRTAC xəbər verir ki, seçkilərin nəticələri bu gün elan edilib. Məlum olub ki, İsveç seçicilərinin fəallıq səviyyəsi 2010-cu il seçkiləri ilə müqayisədə azalıb. Belə ki, həmin seçkilərdə ölkə seçicilərinin 84,6 faizi səs verdiyi halda, bu dəfə müvafiq göstərici 83,3 faizə enib.
Budəfəki seçkilərdə 31,1 faiz səs toplamış Sosial-Demokratlar Partiyası qalib gəlib. Mühafizəkarlar Partiyası 25,2 faiz nəticə ilə ikinci yerdədir. Toplanmış səslərin sayına görə üçüncü yerdə gedən İsveç Demokratlar Partiyasını seçicilərin 13 faizi dəstəkləyib. Bundan əlavə, Mərkəz Partiyası (6,2 faiz), Xalqçı Liberallar Partiyası (5,4 faiz), Xristian Demokratlar (4,6 faiz), habelə “qırmızı-yaşıl” bloka daxil olan Solçu Partiya (5,7 faiz) və “Yaşıllar” (6,8 faiz) da parlamentdə yer alıblar.
“Feminist təşəbbüs“ Partiyası isə Riksdaqa seçilmək üçün zəruri olan 4 faiz seçici səsi toplaya bilməyib.
Qeyd edək ki, bu rəqəmlər İsveçin özündə seçkilərin nəticələrini əks etdirir, çünki xaricdə yaşayan isveçlilərin necə səs verməsi barədə hələ dəqiq məlumat alınmayıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm