DÜNYA
İsveçdə qaçqınların sayı 80 faiz azalıb
Stokholm, 27 dekabr, AZƏRTAC
2016-cı ildə İsveçə gələnlərin sayı ötən illə müqayisədə 80 faiz azalıb.
İsveç KİV-ləri bu barədə məlumatı ölkənin miqrasiya idarəsinə istinadla yayıblar. 2015-ci il ərzində İsveçdə qaçqın statusu almaq üçün 163 min ərizə verilmişdisə, 2016-cı ilin ortaları üçün ölkəyə cəmi 28 min miqrant gəlib. Suriyadan olan qaçqınların sayı daha çox azalaraq, ötən il 51 min nəfər olduğu halda, bu il 5410 nəfər təşkil edib. Böyüklərinin müşayiəti olmadan İsveçə gəlmiş yetkinlik yaşına çatmayanların sayı da xeyli azalaraq, 2015-ci ildə 35360 nəfər təşkil etdiyi halda, bu il 2100 nəfərə çatıb. Jurnalistlər bildirirlər ki, ötən il miqrantların mütləq əksəriyyətini əslən Əfqanıstandan olanlar təşkil edib. Özü də çox vaxt onların sənədi olmayıb.
İsveç Miqrasiya İdarəsinin nümayəndəsi Fredrik Benqtssonun sözlərinə görə, bunun bir neçə səbəbi var. O deyib: “Belə ki, indi Avropa İttifaqı ilə Türkiyə arasında müqavilə var. Bu da miqrantların sərhədi keçmək imkanlarını çətinləşdirir. İsveçin özündə miqrasiya qanunvericiliyi sərtləşdirilib, bizdə daha daimi yaşayış üçün sənəd verilmir, ailə ilə birləşmək hüququnun verilməsi də çətinləşib. Bundan əlavə, bəzi Şimali Avropa ölkələri, o cümlədən İsveç sərhəddə yoxlamalar aparmağa başlayıblar. Bu da miqrantların sərhədi nəzarətsiz keçmələrinin qarşısını alır”.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm