DÜNYA
İsveçdə qida məhsullarının onlayn satışı sürətlə inkişaf edir
Stokholm, 19 avqust, AZƏRTAC
İsveç KİV-lərinin verdiyi məlumata görə, son vaxtlar bu ölkədə qida məhsullarının onlayn satışının kəskin artması müşahidə olunur.
KİV-lər bildirirlər ki, cari ildə krallıqda orta hesabla hər beş alıcıdan biri qida məhsullarının onlayn üsulla alınması imkanından istifadə edir. Təkcə keçən il İsveçdə qida məhsullarının onlayn satışının həcmi əvvəlki ildəkinə nisbətən 40 faiz, 2015-ci ilin son rübündə isə 32 faiz artıb.
Yerli KİV-lər qeyd edirlər ki, İsveçdəki supermarketlər rəqabətin get-gedə artması ilə əlaqədar alıcılara məhsulları evə çatdırmaqla onlayn sifarişlər təklif etməyə məcbur olur. İri şəbəkələrin onlayn iş rejiminə keçməsi istehlakçılar arasında ərzaq məhsullarının internetlə sifariş edilməsinin populyarlığını sürətlə artırır. Nəticədə, məsələn, “Linas Matkasse” və “Mathem” şəbəkələrinə daxil olan onlayn mağazaların populyarlığı artıb. “İCA” iri mağazalar şəbəkəsi öz alıcılarına internet alış-verişi imkanı təqdim edəndən sonra onlayn bazar nəzərəçarpacaq dərəcədə inkişaf edib.
İsveç Ticarət Federasiyasının məlumatına görə, 2016-cı ildə qida məhsullarının internet alış-verişi üzrə yerli bazarın gəlirləri 169 milyon avro artacaq.
Rauf Əliyev
AZIRTAC-ın xüsusi müxbiri
Stokholm