DÜNYA
İsveçin neft şirkəti Sudanda beynəlxalq qanunvericiliyi pozmaqda şübhəli bilinir
Stokholm, 29 noyabr, AZƏRTAC
İsveç Prokurorluğunun əməkdaşları “Lundin Petroleums” neft şirkətinin rəhbərləri ilə görüşüblər. Görüşdə onlara rəsmən bildirilib ki, şirkət 1997-2003-cü illər dövründə Sudanda baş verən hadisələr zamanı beynəlxalq hüququn pozulmasında əli olmaqda şübhəli bilinir.
İsveç KİV-ləri ölkə prokurorluğuna istinadla xəbər verirlər ki, dövlət ittihamçılarının şübhələri xüsusilə zərərçəkənlərin ifadələrinə əsaslanır. Zərərçəkənlər bildiriblər ki, şirkət 1997-2003-cü illərdə Sudanda vətəndaş müharibəsi zamanı əhalini “blok 5A” adlı ərazidən sıxışdırıb çıxaran hərbçilərə maliyyə dəstəyi göstərib. Şahidlərin sözlərinə görə, o dövrdə “Lundion Oyl” adlanan şirkət həmin ərazilərdə iş görməyə hazırlaşırmış. İsveç Prokurorluğu hesab edir ki, bu, bəlkə də beynəlxalq hüququn pozulması demək idi, çünki təqribən 12 min adamın ölümünə və 160 min adamın məcburi köçkünə çevrilməsinə səbəb olmuşdu.
Şirkətdə bu görüşə və ilkin araşdırmanın başlanmasına müsbət yanaşıblar. Onun nümayəndəsi Robert Eriksson vurğulayıb ki, şirkət o illərdə Sudanda vəziyyətlə bağlı öz nöqteyi-nəzərini təqdim etmək üçün prokurorla görüşə çoxdan çalışır. R.Eriksson şirkətin ünvanına səslənən ittihamların əsassızlığına əminlik nümayiş etdirib.
Qeyd edək ki, Krallığının Prokurorluğu 2015-ci ildə həmin iş üzrə araşdırma çərçivəsində həmin dövrdə “Lundin Petroleums” şirkətinin direktorlar şurasının üzvü olan İsveçin sabiq xarici işlər naziri Karl Bildi də sorğu-sual edib.
Bu iş üzrə istintaq 2010-cu ildən aparılır. Cinayət işinin qaldırılmasına ictimai diqqəti məhz bu məsələyə cəlb etmək üçün “European Coalition on Oil in Sudan” adlı xüsusi layihə çərçivəsində hazırlanmış məruzənin materiallarının açıqlanması səbəb olub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm