DÜNYA
İsveçin xarici işlər naziri barəsində təhqiqata xitam verilib
Stokholm, 25 may, AZƏRTAC
İsveç prokurorluğu Krallığın xarici işlər naziri xanım Marqot Vallströmün korrupsiyada ittiham edilməsi üzrə işin ilkin təhqiqatına xitam verildiyini elan edib.
Yerli kütləvi informasiya vasitələrində bu barədə ölkə prokurorluğu tərəfindən yayılmış informasiyaya istinadla məlumat verilir.
Xatırladaq ki, cari ilin yanvar ayında İsveç KİV-lərində dərc edilmiş qalmaqallı məlumata görə, ölkənin xarici siyasət idarəsinin rəhbəri xidməti səlahiyyətlərindən sui-istifadə edərək, növbədə dayanmadan mənzil alıb.
Təhqiqata əsasən müəyyən edilib ki, 2014-cü ildə bələdiyyə işçilərinin həmkarlar ittifaqı Stokholmun mərkəzində onun sərəncamında olan mənzillərdən birini Marqot Vallströmə icarəyə verib. KİV-lərdə qeyd göstərilirdi ki, həmin mənzilin icarəyə verilməsi prosesi növbədə dayanmadan baş verib və İsveçin adi vətəndaşları kimi siyasətçilər də qaydalara tabe olmalıdırlar, çünki mənzil almaq üçün 15 ilə qədər növbədə dayanmaq olar.
XİN rəhbəri özü bu təhqiqata cavab olaraq bildirib ki, bütün qaydalara ciddi riayət olunub, müvafiq kontrakt həmkarlar ittifaqının rəhbərləri tərəfindən razılaşdırılmaqla imzalanıb.
Belə məqalələr dərc ediləndən sonra Krallığın prokurorluğu ilkin təhqiqata başlayıb, lakin korrupsiyaya qarşı mübarizə şöbəsinin böyük prokuroru Alf Yuhansson təhqiqatın nəticələrinə əsasən deyib: “Mən bu insident ilə xidməti vəziyyət arasında əlaqə olmasını müəyyən edə bilmədim. Marqot Vallströmün bu kontraktı xarici işlər naziri vəzifəsində işlədiyinə görə almasını sübut etmək mümkün deyil, buna görə də sonrakı istintaq vəziyyətdə hər hansı ciddi dəyişiklik doğurmayacaq”.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm