SİYASƏT


İsveçrə Yəhudi İcmaları Federasiyasının nümayəndə heyəti Milli Məclisdə olub

A+ A

Bakı, 6 sentyabr, AZƏRTAC

Milli Məclis sədrinin müavini, Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Bahar Muradova sentyabrın 6-da İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Bahar Muradova Azərbaycan ilə İsveçrə arasında müxtəlif sahələr üzrə münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib. Qeyd edib ki, hər iki ölkənin bu münasibətləri daha sürətlə irəliyə aparmağa həm imkanları, həm də siyasi iradəsi var. Azərbaycan Avropa ölkələri, o cümlədən İsveçrə ilə yaxın əlaqələr qurub ki, bu da həm ikitərəfli, həm də çoxtərəfli əsasda mühüm əhəmiyyət kəsb edir. Bunu ötən müddətdə müxtəlif səviyyələrdə keçirilən rəsmi görüşlər, ikitərəfli əsasda imzalanan sənədlər və beynəlxalq proseslər zamanı verilən qarşılıqlı dəstək aydın şəkildə sübut edir.

Milli Məclis sədrinin müavini vurğulayıb ki, siyasi, iqtisadi, humanitar əlaqələr parlamentlərarası münasibətlərin də möhkəmlənməsini vacib edir. Parlamentlərarası dostluq qruplarının fəaliyyətinin razılıq doğurduğunu deyən Bahar Muradova onların əlaqələrin dərinləşməsindəki rolundan söz açıb.

Bahar Muradova Azərbaycanın dünyada tolerant, multikultural bir ölkə kimi tanındığını söyləyib. Qeyd edib ki, Azərbaycanda uzun illərdir mövcud olan yəhudi icması bu ərazidə yaşayan xalqların nümayəndələri kimi bütün imkanlardan tam şəkildə istifadə edə bilir. Keçmiş SSRİ məkanında Azərbaycan yeganə ölkədir ki, burada yəhudilər yaşadıqları bütün dövrlərdə heç zaman ayrı-seçkiliyə, təzyiqə məruz qalmayıblar. Bu gün “Azərbaycan yəhudiləri” deyilən bir termin var. Dünyanın hər yerində onların nümayəndələri yaşayırlar və Azərbaycanı özlərinin vətəni hesab edirlər. Onlar İsrail-Azərbaycan və dünya yəhudiləri ilə Azərbaycan arasındakı münasibətlərdə bir körpü rolunu oynayırlar. Azərbaycanda yəhudilər öz dillərində təhsil almaq, mədəniyyətlərini inkişaf etdirmək, dövlət və cəmiyyət həyatında fəal rol oynamaq üçün hər cur imkanlara malikdirlər. Azərbaycan qanunları və reallıqları buna şərait yaradır.

Bütün bunların ölkəmizin nailiyyəti olduğunu deyən Bahar Muradova vurğulayıb ki, məhz bunu əldə rəhbər tutaraq Azərbaycan rəhbərliyi yürütdüyü siyasətdə multikultural dəyərlərə üstünlük verir. Bu nöqteyi-nəzərdən də 2016-cı il Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bu da dünyadakı mövcud durumu, gərginlikləri, müharibələri nəzərə aldıqda çox əhəmiyyətlidir.

Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov Azərbaycanda yəhudilərə göstərilən diqqət və hörmətdən danışıb. O bildirib ki, yəhudilər Azərbaycanda 2500 ildir məskən salıblar və bura yeganə İslam ölkəsidir ki, yəhudilər heç vaxt sıxışdırılmayıb, antisemitizmə məruz qalmayıb. Dövlət tərəfindən yəhudilərə öz dillərində təhsil almaq, öz mədəniyyətlərini sərgiləmək üçün hər cür şərait yaradılıb. Ölkədə 6 yəhudi icması, 10-a yaxın sinaqoq fəaliyyət göstərir. Ermənistanda isə nə bir sinaqoq var, nə bir yəhudi qalıb. Bu da özlüyündə Azərbaycan tolerantlığının bariz nümunəsidir.

Azərbaycana ilk dəfə səfər etdiyini deyən İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinter ölkəmizdə gördükləri inkişafın onlarda zəngin təəssürat yaratdığını deyib. O, Azərbaycanda yəhudi icmasına göstərilən yüksək diqqət və qayğının təqdirəlayiq olduğunu vurğulayıb.

Qonaq bildirib ki, səfərin məqsədi Azərbaycanda müxtəlif mədəniyyətlərarası, etnik və dini qruplararası dinc yanaşı yaşama məsələləri ilə yaxından tanış olmaqdır.

İsveçrənin Azərbaycan ilə ikitərəfli münasibətlərinə toxunan Herbert Vinter bu əlaqələrin inkişafının məmnunluq doğurduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.