İDMAN
İsveçrə hüquq mühafizə orqanları Frants Bekkenbaueri istintaqa cəlb edib
Bakı, 2 sentyabr, AZƏRTAC
İsveçrə Baş Prokurorluğu vaxtilə Almaniyanın məşhur futbolçusu olmuş Frants Bekkenbauerə qarşı antikorrupsiya istintaqına başlayıb.
AZƏRTAC “Spiegel” jurnalına istinadla xəbər verir ki, artıq İsveçrənin istintaq idarəsi də faktı təsdiqləyib. F.Bekkenbauerə qarşı çirkli pulların yuyulması və qanundankənar varlanma ittihamları irəli sürülüb. O, futbol üzrə “Almaniya-2006” dünya çempionatı sifariş komitəsinə başçılıq edib.
Qeyd edək ki, bu ilin fevralında FIFA-nın Etika Komitəsi Almaniya və dünya futbolunun 71 yaşlı əfsanəsi F.Bekkenbaueri 7 min İsveçrə frankı məbləğində cərimələyib. Səbəb kimi Bekkenbauerin Etika Komitəsinin Nizamnaməsinin 42-ci maddəsinə əsasən əməkdaşlıq öhdəliyini pozması göstərilmişdi. O, komitə tərəfindən aparılan araşdırmalara futbol rəsmisi kimi davranışı ilə dəstək vermədiyi üçün cərimələnib. Bu isə komitənin nizamnaməsinin uyğun maddəsinin pozulması deməkdir.
Almaniya millisinin heyətində 1972-ci ildə Avropa çempionu olan F.Bekkenbauer 1974-cü ildə dünya kubokunu qazanıb.