MƏDƏNİYYƏT
İsveçrə mədəniyyət gecəsində Azərbaycanın təqdimatı
Bern, 27 aprel, AZƏRTAC
İsveçrənin “Le Roş” Beynəlxalq Mehmanxana İdarəçiliyi Məktəbində 35 ildir ənənəvi olaraq təşkil olunan “Le Roş Mədəniyyəti Gecəsi” keçirilib. Dünyada mehmanxana idarəçiliyi sahəsində təhsil verən ən tanınmış 3 ali təhsil ocağından biri olan Le Roş Beynəlxalq Mehmanxana İdarəçiliyi Məktəbində dövlət xətti ilə hazırda 6 azərbaycanlı tələbə təhsil alır. 1954-cü ildən fəaliyyətə başlayan bu ali təhsil ocağında yüzə yaxın müxtəlif xalqın nümayəndəsi oxuyur.
Gecədə 1000 nəfərə yaxın qonağın iştirakı ilə 15 ölkənin, o cümlədən Azərbaycanın təqdimatı keçirilib. Ali təhsil ocağındakı tələbələrimizin təşəbbüsü və ölkəmizin İsveçrədəki səfirliyinin dəstəyi ilə yüksək səviyyədə təşkil olunan Azərbaycan guşəsində ölkəmizin tarixinə və mədəniyyətinə dair müxtəlif nəşrlər və milli mətbəxin nümunələri qonaqlara təqdim olunub.
Tədbir zamanı həmçinin, iyun ayında keçiriləcək ilk Avropa Oyunları haqda iştirakçılara geniş məlumat verilib, bu məqsədlə hazırlanan xüsusi broşürlər qonaqlara paylanıb. “Le Roş Mədəniyyət Gecəsi”ndə iştirak edən çoxsaylı qonaqlar və məktəbin rəhbərliyi Azərbaycan guşəsinə baş çəkib və təqdimata dair öz müsbət fikirlərini bölüşüblər.
Tədbirin sonunda çoxsaylı qonaqların və münsiflərin heyətinin qərarı ilə Azərbaycan guşəsi güclü və təcrübəli 15 rəqib ölkə arasında 2-ci yerə layiq görülüb və qiymətli hədiyyələrlə təltif olunub.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Bern