SİYASƏT
İsveçrə portalında Azərbaycandakı multikultural mühit barədə məqalə yayılıb
Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən layihə çərçivəsində İsveçrənin Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzi tərəfindən hazırlanan “Azərbaycanda multikulturalizm və dünyəviliyin ortaq dəyərləri” sərlövhəli məqalə bu ölkənin rusdilli “Наша Газета” portalında yayılıb.
Şuranın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Mərkəzin beynəlxalq əlaqələr üzrə direktor müavini Daniel Varner və layihə əlaqələndiricisi Lidia Amberqin dekabrın 14-17-də Bakıya səfərləri və burada keçirdikləri görüşlərlə bağlı təəssüratları əksini tapıb.
Yazıda Azərbaycanda müsəlmanlar və digər konfessiyaların nümayəndələri arasında yaxın münasibətlərin mövcud olduğu vurğulanıb. D.Varner səfər zamanı Azərbaycanın sürətlə inkişaf etdiyinin şahidi olduğunu bildirib. “Lakin bundan da vacib odur ki, dünyada baş verən bir çox mənfi hadisələrə baxmayaraq, bu ölkədə multikulturalizm və dünyəvilik kimi dəyərlərə böyük önəm verilir”, - deyə o, vurğulayıb. Məqalədə Azərbaycanda tolerantlığın və dinlərarası münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib.
Təşkilatın nümayəndələri Cənubi Qafqazda ən qabaqcıl təhsil ocaqlarından biri - ADA Universitetində olduqlarını, Bakıda yerləşən müxtəlif dini qurumları, eləcə də dağ yəhudilərinin sinaqoqunu ziyarət etdiklərini bildiriblər.
Yazıda QHT-lərə Dövlət Dəstəyi Şurası haqqında da məlumat verilib və bu qurumun Azərbaycanda QHT sektorunun inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb.