CƏMİYYƏT


İsveçrə qəzetində Nobel qardaşları və onların Azərbaycandakı izləri barədə məqalə dərc olunub

A+ A

Bern, 14 oktyabr, AZƏRTAC

İsveçrənin “Tagblatt” qəzetində Nobel qardaşları və onların Azərbaycandakı həyat və fəaliyyətlərindən bəhs edən məqalə dərc olunub.

Tanınmış jurnalist Briqitte Şmid-Quqlerin müəllifi olduğu yazıda qeyd edilir ki, bu günlərdə bütün dünyanın diqqəti Nobel mükafatına yönəlib və həmin mükafatın təsisçisi Alfred Nobelin izləri Azərbaycana gedib çıxır.

Məqalədə XIX əsrin sonunda Bakıda baş verən neft bumundan danışılır, həmçinin çar Rusiyasında neft hasilatının 95 faizinin, dünyadakı neft hasilatının isə yarısının Bakının payına düşdüyü diqqətə çatdırılır. Qeyd edilir ki, ilk olaraq Nobel qardaşlarının ən böyüyü Rixard Bakıya gələrək burada neft sənayesi üçün geniş imkanların olduğunu görür və silah sənayesində çalışan qardaşlarını neft sahəsinə sərmayə qoymağa inandıra bilir. 1879-cu ildə Nobel qardaşları Bakıda öz neft şirkətlərini təsis edir və bu ailəyə məxsus “Villa Petrolea” ətrafında kiçik şəhərciyə bənzər infrastruktur yaradılır. Bu gün həmin villa yenidən bərpa olunub və burada o dövrü əks etdirən muzey fəaliyyət göstərir.

Yazıda bildirilir ki, Nobel qardaşlarının Bakıdakı fəaliyyətinin canlı nümunəsi olan “Villa Petrolea” keşməkeşli tarix yaşayıb. Cəmi iki il ömür sürməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətində Şərqdə ilk dəfə parlamentli-demokratik respublika yaradıldı, o dövr üçün müsəlman ölkələri arasında bir çox ilklərə imza atıldı, qadınlara seçki hüququ verildi, eləcə də qadın və kişilərin bərabər hüquqlara malik olması bəyan edildi. Sovet işğalı nəticəsində Bakını tərk etməyə məcbur olan Nobel qardaşlarının şirkəti və bütün mülkləri müsadirə olundu, bununla da onların Azərbaycanda sənaye və sosial sahələrdə yaratdıqları bütün nailiyyətlərin taleyinə son qoyuldu.

Sonda qeyd edilir ki, övladı olmayan və 1896-cı ildə vəfat edən Alfred Nobelin vəsiyyəti əsasında onun varidatı ilə bir fond təsis olundu. Fondun əsas məqsədi bəşəriyyət qarşısında böyük xidmətləri olan şəxsləri mükafatlandırmaqdan ibarətdir.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.