MƏDƏNİYYƏT


İsveçrədə muğam axşamları

Bakı, 28 iyun, AZƏRTAC

İsveçrənin Bazel şəhərində “Azərbaycan mədəniyyəti inciləri” proqramı çərçivəsində “Azərbaycan muğamları gənc muğam ifaçılarının təqdimatında” adlı növbəti layihə həyata keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu layihə İsveçrədə fəaliyyət göstərən “Azərbaycanın Dostları” Birliyinin sədri Arzu Əliyevanın təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzinin və ölkəmizin İsveçrədəki səfirliyinin dəstəyi ilə reallaşıb.

Bazel şəhərindəki “Botanika” bağında təşkil olunan muğam axşamında Azərbaycan musiqisinin pərəstişkarları iştirak edib.

Azərbaycandan dəvət olunmuş gənc muğam ifaçıları Ehtiram Hüseynov, Günay İmamverdiyeva və onları müşayiət edən musiqiçilər Xəyyam Məmmədov, Rövşən Qurbanov qonaqlara unudulmaz anlar yaşadıb. İfaçılar 55 dəqiqə davam edən musiqi proqramında muğam sənətinin bütün gözəlliyini isveçrəlilərə və buradakı əcnəbi qonaqlara çatdırmağa çalışıb.

Sonda tədbir iştirakçılarına və qonaqlara təşəkkür edən Arzu Əliyeva belə tədbirlərin tamamilə fərqli mədəniyyətə, düşüncə tərzinə malik insanlar arasında körpü olduğunu vurğulayıb. Gələcəkdə də bu cür görüşlərin keçiriləcəyinə böyük ümid bəslədiyini bildirib və əlavə edib ki, bu kimi layihələr İsveçrə musiqiçilərinin də Azərbaycanda konsertlərinin təşkilinə təkan verəcək.

Qeyd edək ki, Azərbaycan muğam sənətinə həsr olunmuş ikinci konsert proqramı “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin sədri Qasım Nəsirovla birgə Bern şəhərinin "Ono" Mədəniyyət Mərkəzində təşkil olunub. Bu tədbirdə də Azərbaycan musiqisinin çoxsaylı pərəstişkarlarını bir araya gətirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.