ELM VƏ TƏHSİL
İsveçrəli tələbə və müəllimlər Bakının memarlıq abidələri ilə tanış olublar
Bakı, 19 sentyabr, AZƏRTAC
Bakıda işgüzar səfərdə olan İsveçrənin Lozanna Federal Politexnik Universitetinin tələbə və müəllimlərindən ibarət 39 nəfərlik qrup Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
AzMİU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin rektoru, professor Gülçöhrə Məmmədova ali məktəbin nümayəndəsi Bris Lekampion tələbə təşkilatının təşəbbüsü ilə gerçəkləşən səfərlərin məqsədi barədə məlumat verib. Bildirilib ki, səfər Bakı şəhəri, burada yerləşən memarlıq abidələri, müasir tikililər, Azərbaycanda tikinti və infrastruktur sahəsində həyata keçirilən layihələrlə tanışlıq xarakteri daşıyır.
Rəhbərlik etdiyi universitet barədə qonaqlara məlumat verən G.Məmmədova İsveçrə Milli Elm Fondu və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təşəbbüsü ilə gerçəkləşdiriləcək layihədə adıgedən təhsil müəssisəsi ilə əməkdaşlıq barədə öz təkliflərini bildirib.
Qonaqlar AzMİU və universitetin müəllimləri ilə tanış olublar.
Təhsil Nazirliyinin dəstəyi ilə gerçəkləşən səfər çərçivəsində qonaqlar “Atəşgah məbədi”, Qala qoruğu, Qobustan dövlət qoruğu, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və buradakı tarixi tikililərlə tanış olublar.