ELM VƏ TƏHSİL
İsveçrəli tələbələrin Azərbaycana tanışlıq səfəri
Bakı, 31 avqust, AZƏRTAC
Sentyabrın 1-dən 3-dək İsveçrənin Zurich Universitetinin professoru, Təhsil Fondunun rəhbəri, teologiya və hüquq üzrə mütəxəssis Cla Famosun rəhbərliyi ilə bir qrup tələbə Azərbaycana tanışlıq səfərində olacaq. Səfər İsveçrə Təhsil Fondu (Swiss Study Foundation) təşkilatçılığı, Xəzər Universitetinin əməkdaşlığı və dəstəyi ilə həyata keçirilir.
Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, tələbələr İsveçrənin müxtəlif universitetlərində (o cümlədən Bern, Zurich, Basel, St.Gallen universitetləri) humanitar-sosial, iqtisadiyyat, tibb və təbiət elmləri və digər sahələr üzrə təhsil alırlar.
Səfər çərçivəsində tələbələrə Azərbaycanın iqtisadi inkişafı və ölkədə gedən sosial proseslərlə bağlı bir sıra mühazirələr oxunacaq. Bununla yanaşı, Azərbaycanın zəngin mədəniyyəti ilə tanışlıq üçün bir sıra muzey və digər tarixi abidələrə səfərlər nəzərdə tutulur.