DÜNYA
İtaliya Alplarında azı 5 alpinist həlak olub
Bakı, 16 fevral, AZƏRTAC
İtaliya Alplarında buzlağın bir hissəsinin uçması nəticəsində azı 5 alpinist həyatını itirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, alpinistlər qrupu Fransa ilə sərhəddə yerləşən Valle-Daosta əyalətində dağa qalxan zaman sıldırımlı yamacda buz şəlaləsi dağılaraq onların üzərinə tökülüb. Hadisə nəticəsində xəsarət alan daha bir alpinist helikopterlə təxliyə olunub.
Bu, son günlər Alp dağlarında qeydə alınan ikinci insidentdir. Fevralın 13-də dağ silsiləsinin Fransa ərazisinə aid hissəsində turist qrupunun qar uçqununa düşməsi 4 xizəkçinin ölümü ilə nəticələnmişdi. Ayın əvvəlində isə İtaliya Alplarının şimal-şərqində, Udine əyalətində xizəkçilərin qar uçqununa məruz qalması nəticəsində 2 nəfər xəsarət almışdı.
Xatırladaq ki, yanvarın 18-də İtaliyanın Abrusso vilayətinin Farindola şəhərciyi yaxınlığında qar uçqunu 1,2 min metr yüksəklikdə yerləşən “Rigopiano” otelinin üzərinə tökülmüş, nəticədə 29 nəfər həlak olmuşdu.