İQTİSADİYYAT
İtaliya Azərbaycan təbii qazının Avropaya çatdırılması üçün hökumət səviyyəsində dəstək verəcək
Bakı, 8 noyabr, Nihad Budaqov, AZƏRTAC
İtaliya “Trans-Adriatik” qaz boru kəməri (TAP) layihəsi ilə bağlı öz üzərinə mühüm öhdəlik götürüb və Azərbaycan təbii qazının 2020-ci ildə Avropa bazarlarına çatdırılması üçün hökumət səviyyəsində dəstək verəcək.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu barədə energetika naziri Natiq Əliyevin ölkəmizdə səfərdə olan İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloninin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə danışılıb.
N.Əliyevin rəhbərliyi, SOCAR, Kənd Təsərrüfatı, Müdafiə, Müdafiə Sənayesi, Nəqliyyat, Fövqəladə Hallar nazirliklərini, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC və Dövlət Sərhəd Xidmətini təmsil edən nümayəndələrin iştirakı ilə keçirilən görüşdə Azərbaycan-İtaliya əməkdaşlığının hazırkı vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə olunub.
Görüşdə italiyalı naziri cari il iyunun 13-də Roma şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının iclasından irəli gələn məsələlərin müzakirəsi məqsədilə “Maire Tecnimont”, “Saipem”, “SNAM”, “Tenaris”, “Enerco S.p.A”, “ENI”, “Tecnip”, “DBA Group”, “Lighthouse”, “Valvitalia” və “CNH” şirkətlərinin, eləcə də TAP konsorsiumunun İtaliya üzrə nümayəndəsi müşayiət edib.
Azərbaycanın İtaliya ilə bir çox sahələrdə, xüsusilə enerji sektorunda uğurlu əməkdaşlıq əlaqələrinə malik olduğunu deyən N.Əliyev belə geniş tərkibdə baş tutan bu səfərin münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Nazir TAP layihəsini İtaliya ilə enerji əməkdaşlığının prioriteti kimi səciyyələndirərək, layihənin reallaşdırılması ilə bağlı ortaya çıxan çətinliklərin hökumətlərin dəstəyi ilə yoluna qoyulduğunu və vəziyyətin daim nəzarətdə saxlandığını diqqətə çatdırıb.
N.Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclaslarında İtaliyanın fəal iştirakını yüksək qiymətləndirib. Gələn ilin fevral ayında keçiriləcək növbəti iclasın “Cənub Qaz Dəhlizi” layihəsinin vaxtında yekunlaşması üçün tərəflərin səylərinin koordinasiyasına fayda verəcəyini qeyd edib.
İtaliyanın Azərbaycanla birgə həyata keçirilən enerji layihələrində səmərəli iştirakından bəhs edən nazir Paolo Centiloni ölkəsinin şirkətlərinin neft-qaz, emal və neft-kimya sənayesində uğurla təmsil olunduqlarını və fəaliyyət sferalarının genişləndirilməsi üçün mövcud potensialın dəyərləndirilməsinin vacibliyini bildirib. İtaliyalı nazir ölkəsinin TAP-la bağlı mühüm öhdəlik götürdüyünü deyərək, Azərbaycan təbii qazının 2020-ci ildə Avropa bazarlarına çatdırılması üçün hökumət səviyyəsində dəstək veriləcəyini vəd edib.
Sonra İtaliya şirkətləri fəaliyyət istiqamətləri üzrə əməkdaşlığa dair məlumat verərək, həyata keçirilən layihələrin icra vəziyyəti və yeni planlar barədə fikirlərini bölüşüblər. Bildirilib ki, “Maire Tecnimont” şirkəti ilə “SOCAR Polymer” şirkəti arasında imzalanmış müqavilə çərçivəsində yüksək sıxlıqlı polipropilen və polietilen istehsal edən zavodun inşası layihəsi uğurla həyata keçirilir. 180 min ton polipropilen və 120 min ton polietilen istehsal edəcək zavodun inşasının 2018-ci ilin sonunda başa çatdırılması planlaşdırılır. “Tecnip” şirkətinin Qaradağ rayonunda qazın emalı üzrə zavodun inşası layihəsində podratçı seçildiyi və zavodun 2021-ci ildə təhvil verilməsinin nəzərdə tutulduğu qeyd olunub.
N.Əliyev Azərbaycanda qeyri-neft sektorun inkişafının iqtisadi siyasətin prioritetlərindən olduğunu bildirib. İtaliya şirkətlərini yeni texnologiya və təcrübələrini tətbiq edərək bu sahə üzrə əməkdaşlığa iştiraka dəvət edib. Nazir həmçinin Şərq-Qərb, Şimal-Cənub nəqliyyat-enerji dəhlizlərinin yaradılmasında Azərbaycanın rolunu xüsusi qeyd edərək, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaradan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının üstünlüklərindən yararlanmağı da tövsiyə edib.
Vurğulanıb ki, çoxşaxəli müzakirə mövzuları və əməkdaşlıq təklifləri ilə zəngin olan bu səfər İtaliya-Azərbaycan münasibətlərində yeni səhifə açacaq.