İQTİSADİYYAT


İtaliya Azərbaycanı məlumat mübadiləsi üzrə tərəfdaşların “Ağ siyahı”sına daxil edib

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC

İtaliya Azərbaycanı məlumat mübadiləsi üzrə tərəfdaşların “Ağ siyahı”sına daxil edib. Bu İtaliya bazarında çalışan Azərbaycan rezidentlərinə geniş vergi güzəştləri əldə etməyə şərait yaradır.

Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İtaliya vergi məlumatlarının əlverişli mübadiləsini təmin edən yurisdiksiyaların yeni “Ağ siyahı”sını dərc edib. Bu siyahı İtaliya ilə vergi sahəsində məlumat mübadiləsini həyata keçirmək üçün müvafiq razılaşmalar bağlamış və vergi məlumatlarının əlverişli mübadiləsini həyata keçirən ölkələr və yurisdiksiyaları əhatə edir. İtaliyanın İqtisadiyyat və Maliyyə Nazirliyi tərəfindən avqust ayında qəbul edilən və “Offical Gazette” qəzetində dərc edilən yeni siyahı sentyabrın 6-dan qüvvəyə minib.

Azərbaycan və İtaliya arasında vergi məlumatlarının mübadiləsinə əsas verən ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişin mövcud olmasına, həmçinin dövlətlərdən hər ikisinin “Vergi məsələlərində qarşılıqlı inzibati yardım haqqında” Avropa Şurası və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə çoxtərəfli Konvensiyasının üzvü olmasına baxmayaraq, İtaliya tərəfindən “Ağ siyahı”nın artıq uzun müddətdir ki, yenilənməməsi səbəbindən Azərbaycan Respublikasının adı siyahının əvvəlki versiyasında əksini tapmamışdı.

Ümumilikdə, İqtisadiyyat və Maliyyə Nazirliyinin təsdiq etdiyi yeni siyahıda 123 ölkənin adı daxil edilib və bundan sonra siyahının hər 6 aydan bir yenilənəcəyi gözlənilir. Siyahının əvvəlki versiyasında 73 dövlətin adı var idi, hazırda siyahıya əlavə edilmiş 50 dövlətin arasında isə Azərbaycanla yanaşı, Gürcüstan, İsveçrə, Serbiya, Monteneqro, Malayziya kimi dövlətlər də var. “Ağ siyahı”nın yenilənməsindən əlavə, həmin siyahıya daxil olan ölkələrin rezidentlərinə verilən güzəştlərə də yenidən baxılıb. Belə ki, siyahıya daxil edilmiş ölkələrin rezidentləri və ya “institusional” investorlara 239/1996 nömrəli Qanunvericilik Dekreti ilə təmin edilən vergi rejimində vergiyə cəlb olunan bəzi maliyyə alətlərindən əldə olunan faiz gəliri ilə bağlı yerli azadolma verilir. Bundan başqa, qeyri-rezident investorlar tərəfindən əldə olunan kapital artımından gəlirlər, İtaliya fondları və ya İtaliya ixtisaslaşmış fondlaşdırma şirkətlərindən əldə edilən gəlirlərə yerli vergi azadolmaları, xarici fondlardan alınan və şərti faiz çıxılmalarından əldə edilən gəlirlərə münasibətdə isə güzəştli rejimlər tətbiq edilir.

“Ağ siyahı”da yer almış yurisdiksiyaların rezidenti olan qeyri-italyan vergi ödəyicilərinə verilən ən mühüm vergi güzəştləri müəyyən şərtlər daxilində İtaliya şirkətləri tərəfindən istiqrazlar üzrə ödənilən faizlərin, depozitlərdən faizlərin, siyahıya daxil olan dövlətlərin institusional investorlarının orta və uzunmüddətli kreditlərə görə əldə etdikləri faizlərin, İtaliya kollektiv investisiya təşkilatlarında iştirakdan gəlirlərin və xarici investisiya fondları və “Ağ siyahı”da yer alan ölkələrdə yaradılmış pensiya fondları tərəfindən İtaliyada əldə edilən daşınmaz əmlak fondlarından gəlirlərin 26 faizlik vergidən azad edilməsini misal göstərmək olar.

Məlum olduğu kimi, həm Azərbaycan, həm də İtaliya OECD-nin vergi məsələlərində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forumunun üzvləridir. Forum çərçivəsində üzv dövlətlər tərəfindən aparılan məlumat mübadiləsinin beynəlxalq standartlara uyğunluq səviyyəsi qiymətləndirilir. Bu isə Azərbaycan və İtaliyanın səlahiyyətli orqanları arasında vergi məlumatlarının mübadiləsinin mövcud beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilməsinə imkan verir. Azərbaycanın bu Qlobal Foruma üzv olması ölkəmizin beynəlxalq arenada şəffaflıq və məlumat mübadiləsi üzrə etibarlı və fəal tərəfdaş kimi rolunu daha da gücləndirib. Vergilər Nazirliyi tərəfindən cari il ərzində Azərbaycanın adının “Ağ siyahı”ya daxil edilməsi məqsədilə həm İtaliyanın İqtisadiyyat və Maliyyə Nazirliyi, həm də vergi administrasiyası ilə intensiv müzakirələr və danışıqlar aparılıb. Görülmüş işlərin nəticəsində, yenidən dərc olunmuş “Ağ siyahı”ya Azərbaycan Respublikasının adı əlavə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.