QAN YADDAŞI
İtaliya Senatında Xocalı soyqırımı ilə bağlı çıxışlar dinlənilib
Roma, 12 mart, AZƏRTAC
İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, İtaliya Senatının müdafiə komissiyasının sədr müavini Sergio Divina və qrupun katibi, senator Maria Rizzotti Xocalı soyqırımı ilə bağlı Senatda çıxış ediblər.
Senatorlar Xocalı soyqırımı barədə məlumat verməklə yanaşı, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və Avropa Şurası, Avropa İttifaqı, ATƏT və NATO kimi digər beynəlxalq təşkilatların qərarlarına Ermənistan tərəfindən məhəl qoyulmadığını qeyd ediblər. Onlar Xocalı soyqırımı üçün məsuliyyət daşıyan Ermənistanın siyasi və hərbi rəhbərliyinin bəşəriyyətə qarşı cinayətlərə görə Beynəlxalq Haaqa Məhkəməsi qarşısında cavab verməli olduqlarını vurğulayıblar.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma