SİYASƏT


İtaliya ictimaiyyəti Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb

A+ A

Bakı, 12 iyul, AZƏRTAC

İtaliyanın nüfuzlu “Il Giornale” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadə ilə “Dağlıq Qarabağ, münaqişənin həllinə dair Azərbaycanın mövqeyi” adlı geniş müsahibəsi dərc olunub. Bu barədə Azərbaycanın İtaliyadakı Səfirliyindən AZƏRTAC-a məlumat verilib.

Jurnalist Matteo Karnielettonun götürdüyü müsahibədə səfir Ermənistan-Azərbaycan münaqişəsi və aprel ayında təmas xəttində baş vermiş hadisələrlə bağlı suala cavab verərək Ermənistanın Azərbaycana qarşı iddialarının kökündə qonşu ölkələrin ərazisi hesabına “Böyük Ermənistan” xülyasının reallaşdırılmasının olduğunu deyib. O, Ermənistanın Azərbaycana qarşı 1988-ci ildə ölkəmizin Dağlıq Qarabağ bölgəsi ilə bağlı ərazi iddiaları irəli sürdüyünü, Sovet İttifaqının dağılmasından sonra hərbi təcavüz həyata keçirdiyini söyləyib, bu təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğunu, azərbaycanlılara qarşı etnik təmizlənmənin həyata keçirildiyini, Xocalıda soyqırımının törədildiyini, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini qeyd edib. Münaqişə ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərə Ermənistanın məhəl qoymadığını, qoşunların təmas xəttində Ermənistanın hərbi xuntasının davamlı təxribatlar törətdiyini vurğulayan diplomat cari ilin aprelində Ermənistanın növbəti hərbi təcavüzü nəticəsində Azərbaycanın mülki şəxslərinə və obyektlərinə dəyən zərər barədə danışıb, habelə hərbi əməliyyatlarda Ermənistanın kimyəvi silahlardan istifadə etdiyinə dair sübutların olduğunu, ölkəmizi nüvə silahından istifadə ilə təhdid etdiyini bildirib. Bu təxribatlara Azərbaycan qoşunlarının layiqli cavab verdiyini, bir sıra strateji yüksəklik və ərazilərin erməni işğalından tamamilə azad olunduğu, aprel hadisələrinin Azərbaycanın öz ərazilərini hərbi yolla azad etməyə qadir olduğunu göstərdiyini deyib.

Ölkəmizin münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu vurğulayan diplomat Ermənistanın baş verənlərdən nəticə çıxaracağına və danışıqlarda konstruktivlik nümayiş etdirəcəyinə ümidvar olduğunu bildirib. M.Əhmədzadə Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdəki mövcudluğunun münaqişənin həllinə ən böyük maneə olduğunu, Ermənistan hərbi qüvvələrinin zəbt olunmuş bütün ərazilərdən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının münaqişənin həlli üçün müsbət şərait yaradacağını qeyd edib.

Terrorizmlə mübarizədə Azərbaycanın səylərinə dair suala cavabında səfir Azərbaycanın terrorizmdən əziyyət çəkən ölkə olduğunu, terrorizmin Ermənistanın Azərbaycana qarşı təcavüzünün tərkib hissəsi olduğunu, erməni terroru nəticəsində iki mindən çox azərbaycanlının qətlə yetirildiyini, terrorizmin qlobal bir təhdid olduğunu və beynəlxalq ictimaiyyətin bu bəla ilə mübarizəsinə Azərbaycanın fəal töhfə verdiyini deyib.

M.Əhmədzadə Azərbaycanın Rusiya, İran və Türkiyə ilə münasibətlərinə dair suallara da cavab verib. O, Azərbaycanın qonşu dövlətlərlə əməkdaşlığın inkişafında üçtərəfli formatlara da üstünlük verdiyini, bu xüsusda mövcud olan Azərbaycan-Rusiya-İran, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkmənistan-Türkiyə kimi üçtərəfli formatlar çərçivəsində müzakirə olunan mövzuların və həyata keçirilən layihələrin yalnız regional yox, eləcə də beynəlxalq əhəmiyyətə malik olduğunu söyləyib.

Müsahibədə Azərbaycanın İsraillə münasibətləri, ölkəmizdə yəhudi icmasının çoxəsrlik tarixi, Azərbaycanda mövcud olan çoxmədəniyyətlilik ənənələri, ölkəmizin multikulturalizm modelinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyi barədə də danışılıb.

Azərbaycan-İtaliya münasibətlərinə dair suala cavabında M.Əhmədzadə bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu və bunun Prezident İlham Əliyevin 2014-cü ildə İtaliyaya səfəri zamanı qəbul olunmuş Birgə Bəyannamədə təsbit olunduğunu vurğulayıb. O, iki ölkə arasında yüksək səviyyəli iqtisadi əlaqələrin mövcudluğunu, İtaliyanın Azərbaycanın ən iri ticarət tərəfdaşı olduğunu, Azərbaycanda çoxsaylı italyan şirkətlərinin fəaliyyət göstərdiyini bildirib, TAP layihəsinin iqtisadi əlaqələrə verəcəyi töhfələrdən danışıb. Səfir enerji sahəsinin iqtisadi əməkdaşlıqda prioritet olaraq qaldığını, bununla belə, digər sektorlarda da geniş imkanların olduğunu qeyd edib. Bu xüsusda, cari il iyunun 13-də Romada müvəffəqiyyətə keçirilmiş iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının dördüncü iclasının əhəmiyyətinə də toxunulub.

Səfir iki ölkə arasında mədəni və təhsil sahəsində əməkdaşlıq haqqında da məlumat verib, qarşılıqlı olaraq təşkil olunmuş tədbirlər, o cümlədən Milan EXPO, Venesiya Biennalesində Azərbaycanın uğurlu iştirakı, İtaliyanın tarixi irsinin qorunmasına Azərbaycanın göstərdiyi dəstək barədə danışıb, mədəni əlaqələrin inkişafında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun əhəmiyyətli rolunu qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.