QAN YADDAŞI
İtaliya ictimaiyyəti Xocalı soyqırımı barədə məlumatlandırılıb
Roma, 26 fevral, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Romada aksiya keçirilib.
Azərbaycanın İtaliyadakı səfirliyinin və İtaliya-Azərbaycan Gənclər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş aksiyanın məqsədi Xocalı soyqırımı ilə bağlı həqiqətləri İtaliya ictimaiyyətinə və turistlərə çatdırmaq olub.
Aksiya zamanı üzərində “Justice for Khojaly” yazılmış geyimlərdə olan azərbaycanlı tələbələr Romanın mərkəzi küçələrində şəhər sakinlərinin diqqətini Ermənistan tərəfindən Xocalıda əliyalın, silahsız insanlara qarşı törədilmiş vəhşiliklərə cəlb edib. Belə ki, aksiya çərçivəsində soyqırımını əks etdirən fotolar nümayiş etdirilib, qətliam haqqında italyan və ingilis dillərində nəşr olunmuş broşürlər paylanılıb.
“Light a Fire to Fight the Liar” şüarı əks olunan bannerlərlə bir araya gələn tələbələrimiz şəhər sakinlərinin Xocalı faciəsinə dair çoxsaylı suallarını cavablandırıb, soyqırımı haqqında ətraflı məlumat veriblər.
Qeyd edək ki, “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən keçirilir və hazırda 50-dən artıq ölkədə fəaliyyət göstərir. Xocalı faciəsinə beynəlxalq səviyyədə siyasi, mənəvi və hüquqi qiymətin verilməsi məqsədini daşıyan kampaniya nəticəsində dünyanın bir sıra ölkələrinin parlamentləri, ABŞ-ın 15-dən artıq ştatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Xocalı qətliamı soyqırımı və insanlığa qarşı cinayət kimi tanınıb.
Maqsud Dadaşov
AZƏRTAC -ın xüsusi müxbiri
Roma