SİYASƏT
İtaliya mətbuatı 28 May - Respublika Günü ilə bağlı Romada keçirilən tədbiri geniş işıqlandırıb
Roma, 27 may, AZƏRTAC
Romanın tarixi “Salone Margherita” Teatrında 28 May - Respublika Günü və Azərbaycan-İtaliya diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü münasibətilə təşkil olunan qəbul və Azərbaycan milli musiqi və rəqslərindən ibarət “Odlar Diyarının səsləri və ritmləri” adlı konsert İtaliya mətbuatında geniş işıqlandırılıb.
İtaliyanın nüfuzlu “Agenzia Nova xəbər agentliyində 28 May - Respublika Günü və Azərbaycan-İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə əlaqədar olaraq "Roma və Bakı arasında dostluq" başlıqlı xüsusi buraxılış hazırlanıb. Buraxılışda Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin geniş müsahibəsi yer alıb.
Müsahibədə səfir Məmməd Əhmədzadənin Respublika Gününün Azərbaycanın tarixindəki əhəmiyyəti, ölkəmizin müstəqillik illərində keçdiyi inkişaf yolu, Azərbaycan-İtaliya münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikirləri yer alıb.
Buraxılışda, eləcə də bu münasibətlə mayın 24-də Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən Romanın tarixi “Salone Margherita” Teatrında təşkil olunmuş qəbul və Azərbaycan milli musiqi və rəqslərindən ibarət “Odlar Diyarının səsləri və ritmləri” adlı konsert barədə də geniş məlumat verilib. Burada tədbirin açılışında səfir Məmməd Əhmədzadə, İtaliya Senatının sədr müavini Linda Lanzillottanın və İtaliya Parlamentində Azərbaycan ilə dostluq qrupunun sədri senator Sergio Divinanın çıxışlarından fikirlər, habelə tədbirə qatılmış bir sıra şəxslərin müsahibələri yer alıb, eləcə də Azərbaycan-İtaliya əməkdaşlığının müxtəlif aspektləri əks olunub.
Bundan əlavə, “Agenzia Giornalistica Italia” (AGİ), “Aise” xəbər agentliklərinin saytında, “Il Messaggero”, “L’Opinione” qəzetlərində, “Notizie Geopolitiche”, “Blitzquotidiano”, “Key4biz”, “Andradelab” portallarında, “9colonne”, “Asrie”, “Dazebaonews” saytlarında, “Radiocolonna” radiosunun saytında sözügedən tədbir, o cümlədən 28 May - Respublika Günü və Azərbaycan-İtaliya diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü haqqında yazılar dərc edilib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma