SİYASƏT
İtaliya mətbuatı azərbaycanlı tələbələrin sülhün bərqərar olunması istiqamətindəki səylərindən yazır VİDEO
Roma, 4 may, AZƏRTAC
İtaliyanın bir sıra xəbər saytlarında Sabaudiya şəhərində təhsil alan məktəblilərin Azərbaycan Tələbə Şəbəkəsinin (ASN) təşkilatçılığı ilə Vatikanda Roma Papası Fransiskin ənənəvi mərasimində iştirakı barədə məqalələr və reportaj yerləşdirilib.
Qeyd olunur ki, Roma Papasının cari il aprelin 29-da keçirdiyi ənənəvi mərasimdə ASN-nin təşkilatçılığı ilə Sabaudiya şəhərində təhsil alan və müxtəlif xalqları təmsil edən 40 şagird iştirak edib. Şagirdlər sülh, münaqişəsiz və parlaq gələcəklə bağlı yazdıqları məktubu mərasim zamanı Roma Papasına təqdim ediblər. Layihəni dəstəkləyən din üzrə italiyalı mütəxəssis Karla Rossinin sözlərinə görə, bu tarixi gün ürəklərdə və yaddaşlarda qalacaq.
Məqalələrdə ASN-nin sədri Nazim Əliyevin fikirlərinə də yer verilib: “Biz - ASN müasir Azərbaycan gəncliyini təmsil edirik. Müqəddəs Taxt-Tacla, İtaliyanın bir sıra institutları və xeyriyyə cəmiyyətləri ilə birgə reallaşdırdığımız bu layihə vasitəsilə səylərimizi beynəlxalq sülhə və ədalətə yönəldirik. Milli kimliyindən, sosial statusundan və təhsil səviyyəsindən asılı olmayaraq dünyadakı bütün uşaqlar müdafiə olunma hüququna malikdirlər. Bu məsuliyyət hər birimizin üzərinə düşür. Buna görə də hər kəsi ədalət, sülh və ali dəyər olan insan həyatının qorunması istiqamətində səylərini artırmağa çağırırıq”.
Reportajda ASN-in üzvü Həsən İsgəndərov tədbirlə bağlı təəssüratlarını bölüşüb: “Bu təşəbbüs beynəlxalq səviyyədə sülh ismarıcını dünyaya çatdırmaq zərurətindən yaranıb. Müxtəlif xalqları təmsil edən uşaqları birləşdirmək və onların ürək sözlərini Roma Papasına çatdırmaq üçün bu, yaxşı vasitə oldu. Bir daha vurğulamaq istərdik ki, uşaqlar günahsızdırlar və onlar müharibə qurbanına çevrilməməlidirlər”.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma