SİYASƏT


İtaliya qəzetində azərbaycanlı məcburi köçkünlər haqqında məqalə dərc olunub

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

İtaliyanın “Cronache di Napoli” qəzetində jurnalist Domeniko Letisiyanın azərbaycanlı məcburi köçkünlər haqqında məqaləsi dərc olunub. Məqalə müəllifin “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovdan aldığı müsahibə və Ramana qəsəbəsi yaxınlığında məcburi köçkün ailələri üçün tikilmiş qəsəbəyə səfəri əsasında yazılıb.

Məqalədə bildirilir ki, 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində şəhərdə yaşayan azərbaycanlılar öz yurdunu tərk etmək məcburiyyəti ilə üzləşib, dövlət tərəfindən tikilmiş xüsusi qəsəbədə məskunlaşıblar. Şuşanı hansı şəraitdə tərk etməsindən danışan Bayram Səfərov işğal günündən bəri şəhərə gedə bilmədiyini və ən böyük arzusunun yenidən Şuşaya qayıtmaq olduğunu deyib.

Məqalədə B.Səfərova istinadən Azərbaycanda müxtəlif dinlərin və millətlərin nümayəndələrinin, o cümlədən ermənilərin dinc şəraitdə yaşadıqları qeyd edilir. Ermənistanda isə yalnız ermənilərin yaşadıqları və bu ölkənin multikulturalizmə qarşı olduğu vurğulanır. Bundan əlavə, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi xatırladılır.

İtaliyalı jurnalist, həmçinin Bakıdan bir neçə 10 kilometr məsafədə məcburi köçkünlərin məskunlaşdıqları qəsəbəyə səfərindən və oradakı mövcud şəraitdən söz açıb. “Mən qəsəbədə yenicə tikilmiş, şagirdlərin ingilis dilində dərs keçdikləri informatika otağı olan müasir məktəbdə və musiqi məktəbində oldum. Musiqi məktəbinin direktoru mənim italyan vətəndaşı olduğumu biləndə mənə öz telefonunda şagirdlər tərəfindən italyan dilində təşkil olunmuş konserti göstərdi. Adriano Çelentano, Toto Kutunyo, Luçano Pavarotti və Enriko Karuzo - bunların hamısı bu qəsəbədə tanınır, onların mahnıları və sözləri musiqi məktəbində tədris olunur. Düşərgədə mən şəhid vermiş məcburi köçkün ailəsinə qonaq dəvət olundum. Ailə başçısı evlə təmin olunmalarını, onlar üçün hər cür şərait yaradıldığını bildirsə də, doğma yurdu heç nəyin əvəz etmədiyini xüsusilə vurğuladı”, - deyə jurnalist qeyd edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.