ELM VƏ TƏHSİL
İtaliya səfiri Azərbaycan Turizm və Menecment Universitetində olub
Bakı, 27 yanvar, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo və Dante Alighieri Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə ATMU-nun rektoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi ali təhsil ocağının dünyanın nüfuzlu universitetləri ilə əlaqələrindən danışıb. Bildirib ki, ATMU bir sıra beynəlxalq turizm təşkilatları ilə faydalı əməkdaşlıq edir.
ATMU ilə tanışlıqdan məmnunluğunu bildirən səfir C.Kutillo iki ölkə universitetlərinin əməkdaşlığının və bu istiqamətdə yeni layihələrin hazırlanmasının vacibliyini vurğulayıb.
Sonra Azərbaycan Turizm və Menecment Universiteti ilə Dante Alighieri Cəmiyyəti arasında anlaşma memorandumu imzalanıb.
Memorandum ATMU-nun İtaliyanın ali məktəbləri ilə əməkdaşlıq əlaqələrinin qurulmasını, eləcə də tələbələrin İtaliyada təcrübə keçməsini nəzərdə tutur.