İQTİSADİYYAT


İtaliyada XIX “Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası” öz işinə başlayıb

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

İtaliyanın Paestum şəhərində XIX “Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası” (XIX “La Borsa Mediterranea del Turismo Archeologico” - www.borsaturismoarcheologico.it) öz işinə başlayıb. Əhatə dairəsinə, mövzu və konsepsiyasına görə dünyada yeganə layihə hesab edilən sərgiyə UNESCO, İKKROM, İKOMOS və ÜTT kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfdaşlıq edir.

Hər il dünyanın 30-dək ölkəsinin, eləcə də İtaliyanın əksər regionlarının və arxeoloji irsin mühafizəsi və təbliği üzrə ixtisaslaşmış təşkilatların iştirak etdiyi tədbirdə Mədəniyyət və Turizm Nazirliyi növbəti dəfə iştirak edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sərginin rəsmi açılışında İtaliyanın mədəni irs, fəaliyyətlər və turizm naziri Dario Françeskini, Kapaççio Pestum şəhərinin meri İtalo Voza və Salerno vilayətinin rəhbəri Cuzeppe Canfaro iştirak ediblər. Gün boyu davam edən sərgidə arxeologiya və turizm haqqında 25-dən çox konfrans və görüş keçirilib.

Bir neçə gün davam edəcək tədbirlər çərçivəsində ölkəmizə məxsus stenddə sərgiyə gələn qonaqlara ingilis və italyan dillərində müxtəlif reklam-çap, ölkəmizin mədəni və təbii irsinə, arxeoloji turizmə həsr olunmuş təbliğat materialları təqdim olunur.

Ölkəmizə məxsus milli stendi ziyarət edən Dario Françeskini Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə görüşüb.

Qeyd edək ki, açılış mərasimində İtaliya Respublikasının rəsmiləri tərəfindən Azərbaycanın sərgidə iştirakı xüsusi vurğulanıb.

Keçiriləcəyi günlər ərzində sərgini 10 mindən çox adamın ziyarət edəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.