MƏDƏNİYYƏT


İtaliyada birinci Azərbaycan kinofestivalı keçiriləcək

Roma, 16 iyun, AZƏRTAC

İyunun 22-24–də Romanın “Villa Borghese” parkındakı tarixi “Casa del Cinema” kino evində İtaliyada ilk dəfə olaraq Azərbaycan film festivalı keçiriləcək.

Festival Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin İtaliyadakı səfirliyinin, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC), “Casa del Cinema” kino evinin, İtaliya-Azərbaycan Ticarət Palatasının, “AGI” informasiya agentliyinin, “Azerbaijannews” xəbər portalının təşkilati və informasiya dəstəyi ilə təşkil olunacaq.

Festivalın keçirilməsində məqsəd Azərbaycan ilə İtaliya arasında mədəni əlaqələri gücləndirmək, ölkəmizin zəngin kino mədəniyyətini İtaliyada təbliğ və təşviq etmək, həmçinin İtaliya ictimaiyyətini Azərbaycan kinosu vasitəsilə ölkəmizin mədəniyyəti, tarixi və reallıqları ilə tanış etməkdir.

Festivala iyunun 22-də “Əli və Nino” filminin nümayişi ilə start veriləcək. Açılışda filmin nümayişindən öncə İtaliyanın kino və akademik dairələrinin nüfuzlu nümayəndələrinin çıxışları nəzərdə tutulur. Sonrakı iki gün ərzində əlavə olaraq altı bədii (“Hökmdarın taleyi”, “Nabat”, “İçərişəhər”, “Pərdə”, “Yarımçıq xatirələr”, “Həddən artıq uyğunluq”) və 2 sənədli (“Bir günəş altında”, “Əbədi ezamiyyət”) film italyan dilində alt yazılarla nümayiş olunacaq.

Festival çərçivəsində, həmçinin “Bir günəş altında” və “Əbədi ezamiyyət” sənədli filmlərinin nümayişinin, müvafiq olaraq Azərbaycanda multikulturalizm, dinc yanaşı yaşama mədəniyyəti, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti haqqında akademik tədbirlər kimi təqdim olunacağı və bu tədbirlərdə müvafiq tədqiqatçıların çıxışı da nəzərdə tutulur.

İtaliya mətbuatının diqqət mərkəzində olan festival barədə yerli KİV-lərdə, o cümlədən ANSA xəbər agentliyində, lagazzettadelmezzogiorno, spettacoli, venti4ore, romadailynews, 060608, dgcinews, buonaseraroma xəbər portallarında yazılar və elanlar dərc olunub.

Festivala dair ətraflı məlumatları “Facebook”dakı “Primo Festival del Cinema Azerbaigiano in Italia” səhifəsindən əldə etmək olar.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.