DÜNYA
İtaliyada idman avtomobilləri markası “Maserati”nin yüz illiyi ilə bağlı mərasimlər keçiriləcək
Tədbirlərə sentyabrın 16-da İtaliyanın Modena şəhərində start veriləcək. “Maserati” avtomobillərinin təntənəli yürüşü, sərgi, sürət yarışı, “Maserati”nin zavoduna ekskursiya təşkil olunacaq. Tədbirlərə dünyanın müxtəlif ölkələrindən həm son model, həm də klassik “Maserati” modellərinin sahibləri və kolleksiyaçıları dəvət olunublar.
Bütün dövrlərdə istehsal edilmiş 200-dən çox avtomobilin nümayişi ilə keçiriləcək yürüş tədbirlərin ən yaddaqalan hissəsi olacaq. Bu yürüşdə iştirak etmək üçün son model “Maserati”lərin sahibləri ABŞ, Çin, Koreya, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycandan, klassik “Maserati”lərin sahibləri isə Avstraliyadan, Norveçdən, İsveçdən və digər Avropa ölkələrindən qatılacaqları nəzərdə tutulub.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma