İQTİSADİYYAT


İtaliyada keçirilən tədbirdə Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş islahatlar barədə məlumat verilib

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) analitiki, dosent Ramil Hüseyn İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dəvəti ilə İtaliyanın Venesiya şəhərində keçirilən “Kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətliliyinin artırılması islahatlarına dəstək” (The Policy Seminar: Supporting SME Competitiveness Reforms) mövzusunda seminarda iştirak edib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, seminar çərçivəsində iştirakçılar İtaliyanın şimal-şərq regionunda (Conegliano və Valdobbiadene ərazisində) yaradılan şərabçılıq klasterinin və Venesiya şəhərinin yaxınlığındakı VEGA Elm və Texnologiya Parkının fəaliyyəti ilə tanış olub, rəsmi şəxslərdən İtaliyada kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı görülən işlər barədə məlumat alıblar.

İİTKM-in analitiki seminar zamanı müzakirələrə qatılaraq Azərbaycan Respublikasında bu sahədə aparılan islahatlar barədə iştirakçıları məlumatlandırıb. O, OECD-nin nümayəndələri ilə görüşlərdə Azərbaycanda hazırlanan milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərindən birinin kiçik və orta sahibkarlıq səviyyəsində istehlak malları istehsalının olduğunu vurğulayıb. Qeyd edib ki, bu faktın özü kiçik və orta sahibkarlığın inkişafına xidmət edəcək. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması da kiçik və orta sahibkarlığa yeni imkanlar yaradacaq.

OECD təmsilçilərinin nəzərinə çatdırılıb ki, Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosialyönümlü layihələr həyata keçirən "ABAD" mərkəzlərinin yaradılması prosesinə başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.