DÜNYA
İtaliyada otel faciəsi: 4 nəfər ölüb, 29 nəfər itkin düşüb
Bakı, 20 yanvar, AZƏRTAC
Mərkəzi İtaliyanın Abruzzo vilayəti rayonunda qar uçqunu altında qalmış spa-oteldə xilasetmə işləri davam etdirilir.
AZƏRTAC xarici KİV-lərə istınadla xəbər verir ki, son məlumata görə, çərşənbə günü gecə baş vermiş hadisə zamanı oteldə 30-dan çox insan olub. İndiyədək yalnız 4 nəfərin cəsədi aşkarlanıb, 29 nəfər itkin düşmüş sayılır. Xilasedicilərin sözlərinə görə, onlar bir sutka sonra dağıntılar altından heç bir səs və siqnal eşitmirlər. Yalnız faciə zamanı mehmanxana binasının yaxınlığında olan iki nəfəri xilas etmək mümkün olub. Onlardan birinin içəridə arvadı və iki uşağı qalıb.
Zəlzələnin səbəb olduğu qar uçqunu nəticəsində dördulduzlu otel tamam dağılıb. Bütün axtarış-xilasetmə işləri əllə aparılır. Faciə yerinə texnika gətirmək qeyri-mümkündür. Bəzi yerlərdə qarın qalınlığı beş metrə çatır.
“Biz adi alətlərlə işləyirik, itlər ərazidə insanları axtarır. Bina dəmir-betondan tikildiyi üçün iri parçaları qaldırmalı oluruq ki, bu da müəyyən vaxt aparır”, - xilasedicilərdən biri belə deyib.
Güclü qar səbəbindən xilasedicilər otelə xizəklə gəlməli olublar. Onların ilk dəstəsi faciənin baş verdiyi yerə cümə axşamı günü hava işıqlaşarkən yetişə bilib.
Zəlzələ zonasındakı kiçik kəndlərdə yaşayan yüzlərlə sakin ətraf aləmdən tam təcrid olunub. Onların xilas olunmasında 7 min nəfərdən çox insan iştirak edir.