DÜNYA
İtaliyada uşaqları pəhriz saxlamağa məcbur edən valideynlər cəzalandırıla bilərlər
Bakı, 11 avqust, Maqsud Dadaşov, AZƏRTAC
İtaliyada “Forza İtalia” siyasi partiyası uşaqlarını vegetarian pəhriz saxlamağa məcbur edən valideynlərin cəzalandırılmaları ilə bağlı qanun layihəsi hazırlayıb. Bu barədə məlumat “Popular science” saytı tərəfindən yayılıb.
Bununla bağlı məsələ qaldıran partiyanın üzvü Elvira Savino deyib: “Həddi-buluğa çatmış şəxslərə pəhrizin saxlanılması ilə bağlı təzyiqlər etmək başadüşülən ola bilər. Lakin fizioloji cəhətdən inkişaf mərhələsində olan uşaqlara belə bir məcburiyyətin tətbiqi yolverilməzdir. Çünki vegetarian pəhriz dəmir, sink, “D” və “B12” vitaminlərinin, omega-3 turşusunun qıtlığına yol açır ki, bu da uşaqlar üçün böyük problemlər deməkdir”.
Qeyd edək ki, belə bir qanun layihəsinin hazırlanması son 18 ayda İtaliyada uşaqların zəif qidalanması ilə əlaqədar yaranan problemlərə görə xəstəxanalara müraciət edənlərin sayının artması ilə bağlıdır. Bu ölkə Avropa İttifaqında vegetarianların sayına görə birincidir.