İDMAN


İtaliyada yaşayan azərbaycanlı gənc şahmatçının uğurları

A+ A

Bakı, 10 sentyabr, S.Allahverdiyeva, S.Quliyev, AZƏRTAC 

İtaliya mediası onun haqqında xəbərləri “Şahmatın dahisi”, “Şahmatın şahı”, “Azərbaycan işıq saçır” və s. sərlövhələrlə təqdim edir. Azərbaycanda hələ kifayət qədər tanınmayan Mirağa Ağayev yaşının az olmasına baxmayaraq, İtaliyada şahmat sahəsində bir sıra ilklərə imza ataraq tarixə düşüb.

M.Ağayev 1993-cü ildə Ucar rayonunda anadan olub. On yaşından İtaliyada yaşayır. Hazırda Romada Sapienza Universitetinin beynəlxalq əlaqələr fakültəsinin üçüncü kurs tələbəsidir. Eyni zamanda, şahmat üzrə dərslər keçir. İtaliyada və digər ölkələrdə keçirilən beynəlxalq şahmat yarışlarının iştirakçısı və qalibi olub. İndiyədək əllidən çox seans verib.

AZƏRTAC Mirağa Ağayev ilə müsahibəni təqdim edir:

-Sizdə şahmata maraq nə vaxtdan yaranıb?

-Uşaq vaxtı çox sakit olmuşam. Buna görə də atam yaxşı şahmatçı ola biləcəyimi düşünüb. Ucarda Fuad adlı şahmat müəllimi var. O, atamın yaxın dostudur. O da mənim gələcəkdə güclü şahmatçı ola biləcəyimi söyləyib. Nəticədə atam mən hələ kiçik olarkən adımı Ucardakı şahmat məktəbinə yazdırdı. Mən o zaman həm də uşaq bağçasına gedirdim. Şahmat məktəbi ilə uşaq bağçası bir-birinə çox yaxın idi. Şahmat məktəbinin pəncərəsi bağçanın həyətinə açılırdı. Günortalar bağçada yatmaqdan xoşum gəlmirdi. Uşaqlar yatanda bağça müəllimələri məni pəncərədən şahmat məktəbinin müəllimlərinə verirdilər. Bağçada uşaqlar oyananda isə şahmat məktəbinin müəllimləri məni bağça müəllimələrinə ötürürdülər. Bir sözlə, uşaq vaxtı mənim oyuncaqlarım şahmat fiqurları olub.

Orta məktəbdə oxuyanda da şahmat üzrə zona və respublika yarışlarında iştirak edirdim. 2003-cü ildə biz ailəvi olaraq İtaliyaya köçdük. Əvvəlcə Milanda yaşadıq. Orada da şahmat məktəbinə gedirdim. Artıq 10 yaşım var idi, birinci dərəcəli şahmatçı kimi oynayırdım. Məktəbdə qrossmeyster var idi. O dedi ki, dünyada mənim kimi uşaqlar çox azdır.

Sonra biz İtaliyanın Kaneli şəhərinə köçdük. Orada da yarışlarda iştirakı davam etdirdim. Kaneli kiçik şəhər olduğuna görə şahmatla az məşğul olurdum. Çünki orada şahmat məktəbi yox idi. Şahmat orada ancaq klublarda oynanılırdı. Sonradan oyunlarımı intensivləşdirdim və 14 yaşlılar arasında İtaliya çempionatında ikinci yeri tutdum. Daha sonra Avropa çempionatına qatılıb gözəl nəticə əldə etdim.

-İtaliyada keçirilən bütün şahmat yarışlarında iştirak edirsinizmi?

-İtaliyada keçirilən çox yarışda iştirak etmişəm. Şimaldan cənuba İtaliyanın bütün şəhərlərində yarışlarda olmuşam. Ümumiyyətlə, təkcə İtaliyada deyil, bir çox ölkələrdə keçirilən beynəlxalq yarışlarda iştirak etmişəm.

-Hansı nailiyyətlər əldə etmisiniz?

-2013-cü ildə FIDE tərəfindən usta adına layiq görüldüm. Şahmatda beynəlxalq usta olmaq üçün norma yığmalısan. Mən də normanı yığıb nəhayət beynəlxalq usta dərəcəsini aldım. Bu da şahmatda ikinci ən böyük dərəcədir. Bundan sonra hədəfim qrossmeyster adını qazanmaqdır.

-Siz gənc idmançı kimi İtaliyada Azərbaycanı necə təbliğ edirsiniz?

-Biz İtaliyaya gedəndə Azərbaycanı elə də yaxşı tanımırdılar. Yarışlarda oynayanda azərbaycanlı olduğumu deyəndə, bizdən xəritədə ölkəmizin yerini göstərməyimizi xahiş edirdilər. Mən qalib olandan sonra İtaliya qəzetlərinin birində “Bakıdan gələn oğlan” sərlövhəli məqalə dərc olundu. Son illər İtaliyada Azərbaycanı daha yaxşı tanımağa başlayıblar. Bu, əlbəttə ki, tək mənə görə deyil. Son zamanlar Azərbaycan-İtaliya münasibətləri sürətlə inkişaf edib. Azərbaycanın İtaliyadakı səfirliyi ölkəmizin təbliği ilə bağlı mütəmadi olaraq tədbirlər keçirir. Bütün bunların da Azərbaycanın İtaliyada tanınmasında mühüm rolu var. Bu da bizdə böyük qürur hissi yaradır.

-Azərbaycanlı şahmatçı kimi italiyalıların sizə münasibəti necədir?

-Çox gözəl. Orada əvvəlcə insanın özünə qiymət verirlər. Məsələn, mənim İtaliyada bir neçə yaxın dostlarım var. Onlar mənə çox dəstək olurlar. Mənim əksər yarışlarımın xərcini onlar ödəyiblər. Xüsusən İtaliya mediası hər zaman mənim uğurlarımı işıqlandırır. Bir çox hallarda bizim xəbərimiz olmadan onlar mənim haqqımda yazı verirlər. Hətta bir dəfə atam səhər kafedə qəzetləri vərəqləyərkən təsadüfən qəzetdə mənim haqqımda yazını görmüşdü. Elə bir həftə bundan əvvəl İtaliyanın məşhur jurnalistlərindən biri olan Qaya Ferraris mənimlə əlaqə saxlayıb “La Stampa” qəzeti üçün haqqımda yazı yazmaq istədiyini bildirdi.

-İtaliyanın məşhur şahmatçılarından kimlərlə əlaqəniz var?

-İtaliyanın məşhur şahmatçılarından hamısı ilə əlaqəm var. Onlardan Mikela Qodina, Sabinu Brunellu, Daniel Vokaturonun adını çəkə bilərəm.

-Bəs Azərbaycan şahmatçıları ilə hər hansı əlaqəniz varmı?

-Azərbaycan şahmatçılarından çoxunu tanıyıram. Burada şahmatçı dostlarım da var. Rəhmətlik Vüqar Həşimovla çox yaxın münasibətimiz var idi. Onunla virtual olaraq çox yazışıb, danışırdıq. Bakıda da görüşmüşdük. Çox gözəl insan idi.

-Ümumdünya Şahmat Olimpiadası ilə bağlı təəssüratlarınız necədir?

-Mən bu Olimpiadaya İtaliya Şahmat Federasiyasının xətti ilə gəlmişəm. İtaliya vətəndaşı olmadığım üçün burada oyunçu kimi iştirak etmirəm. Burada həm İtaliya komandasında qızların məşqçi və köməkçisi, həm də İtaliya Şahmat Federasiyası prezidentinin tərcüməçisiyəm.

-Ümumiyyətlə, İtaliyada şahmat nə dərəcədə inkişaf edib?

-İtaliyada şahmata maraq Azərbaycandakı kimi deyil. Azərbaycanda şahmat çox inkişaf edib. Ona görə də mən ora gedəndə 10 yaşında şahmat oynayan yeganə uşaq idim. Azyaşlı olsam da, həmişə böyüklərlə oynayırdım. Çox vaxt da seanslarım olurdu. Hətta mən oraya gedəndən sonra orada uşaqlar arasında şahmata böyük həvəs yarandı. İtaliyada 20 region var. Bizim qaldığımız Pyemont regionunda heç vaxt məşhur şahmatçı olmayıb. Mən o regionda beynəlxalq usta adını alan ilk şahmatçı kimi tarixə düşmüşəm.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.