DÜNYA
İtaliyada zəlzələ qurbanlarının sayı 267 nəfərə çatıb
Bakı, 26 avqust, AZƏRTAC
İtaliyanın mərkəzində baş verən dağıdıcı zəlzələ nəticəsində həyatını itirənlərin sayı 267 nəfərə çatıb.
AZƏRTAC Xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Milli Mülki Müdafiə xidmətinin nümayəndəsi İmmakolata Postilyone məlumat yayıb. Eyni zamanda Marke, Abrutso və Latsio xəstəxanalarında 387 nəfər yaralı müalicə alır.
Xilasedicilər dağıntıların təmizlənməsi ilə bağlı əməliyyatları davam etdirirlər və ölənlərin sayının bir qədər də artacağı istisna olunmur. Təbii fəlakət nəticəsində, həmçinin 2 min nəfərdən çox insan yaşayış yerini itirib.
Hazırda İtaliyanın mərkəzi hissəsində seysmik aktivlik davam edir. Seysmoloqların məlumatına əsasən, zəlzələ zonasında artıq 650-yə yaxın yeraltı təkan qeydə alınıb. Mülki Müdafiə xidməti isə 928 afterşokun baş verdiyini bildirib.
Xatırladaq ki, avqustun 24-nə keçən gecə yerli vaxtla saat 3:36-da Mərkəzi İtaliyada 6 bal gücündə dağıdıcı zəlzələ baş verib. Yeraltı təkanların episentri Akkumoli şəhəri yaxınlığında, yer səthindən 4 kilometr dərinlikdə yerləşib.