DÜNYA
İtaliyada zəlzələ qurbanlarının xatirəsinə milli matəm elan olunub VİDEO
Bakı, 26 avqust, AZƏRTAC
İtaliyanın mərkəzində baş verən dağıdıcı zəlzələ qurbanlarının xatirəsinə avqustun 27-si milli matəm elan edilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, həmin gün ölkənin ali rəhbərliyinin nümayəndələrinin iştirakı ilə Askoli-Piçenoda həyatını itirənlərin dəfn mərasimi keçiriləcək.
Xatırladaq ki, avqustun 24-nə keçən gecə yerli vaxtla saat 3:36-da Mərkəzi İtaliyada 6 bal gücündə dağıdıcı zəlzələ baş verib. Yeraltı təkanların episentri Akkumoli şəhəri yaxınlığında, yer səthindən 4 kilometr dərinlikdə yerləşib. Apennin silsiləsinin geniş ərazisini əhatə edən zəlzələ dağlarda yerləşən kiçik şəhərlərdə ciddi dağıntılara səbəb olub.
Son məlumata əsasən, təbii fəlakət nəticəsində aralarında 3 Britaniya vətəndaşının da olduğu 268 nəfər həyatını itirib, 387 nəfər yaralanıb, həmçinin 2 mindən çox insan evsiz-eşiksiz qalıb.
İtaliya rəhbərliyi zəlzələdən zərər çəkən ərazilərdə fövqəladə vəziyyət rejimi elan edib.