ELM VƏ TƏHSİL


İtaliyalı alimin iştirakı ilə Qəbələdə yeni quruyan şabalıd ağacları yoxlanılıb

Bakı, 6 iyul, AZƏRTAC

İtaliya Milli Tədqiqatlar Şurasının (İMTŞ) Florensiyada yerləşən Davamlı Bitki Mühafizə İnstitutunun əməkdaşı, professor Biankaelena Maserti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda işgüzar səfərdədir.

Botanika İnstitutundan AZƏRTAC-a bildiriblər ki, italiyalı alim AMEA və İMTŞ-nin elmi əməkdaşlığa dair saziş və əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilən “Azərbaycanda şabalıd ağaclarının (Castanea sativa Mill.) sağlamlıq statusunun qiymətləndirilməsi: şabalıd xərçəngi və assosiasiyada olan göbələk xəstəlikləri” layihəsi üzrə ölkəmizə səfər edib. O, Botanika İnstitutunda keçirilən seminarda iştirak edib. Botanika İnstitutu direktorunun müavini Eldar Novruzov aparılan birgə layihənin tədqiqat istiqaməti və əhəmiyyətindən danışıb. Sonra institutun mikologiya laboratoriyasının müdiri Dilzarə Ağayevanın Azərbaycanda şabalıd ağaclarında Cryphonectria parasitica göbələyi və onun törətdiyi xəstəliyin hazırkı vəziyyətinə dair məruzəsi dinlənilib. Professor B.Maserti İMTŞ-nin Davamlı Bitki Mühafizə İnstitutunda aparılan tədqiqat işləri və laboratoriyaların texniki təchizatı barədə ətraflı məlumat verib.

Sonra italiyalı alimin iştirakı ilə Qəbələ və Göyçay rayonlarına ekspedisiya təşkil edilib. Qəbələnin təbii meşə sahələrində yeni quruyan şabalıd ağacları yoxlanılıb və nümunələr götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.