İDMAN
İtaliyalı basketbolçu Gionata Zampollinin “Bakı-2015” təəssüratları
Roma, 3 iyul, AZƏRTAC
İlk Avropa Oyunları çərçivəsində basketbol üzrə 3x3 yarışlarında dörd gün ərzində Avropanın ən güclü komandaları mübarizə aparıb. Basketbol Arenasındakı qarşılaşmalarda qitənin ən yaxşısı olmaq uğrunda bütün imkanlarını səfərbər edən komandalardan biri də İtaliya yığması idi. Medal əldə edə bilməsələr də, italiyalı basketbolçular yarışlardakı çıxışlarını qənaətbəxş hesab edirlər.
İtaliyanı “Bakı-2015”də basketbol üzrə 3x3 yarışlarında təmsil edən yığmanın üzvü 30 yaşlı Gionata Zampolli Oyunlarla bağlı təəssüratlarını bölüşüb. O deyib: “Bu yarışlara qatılmaq mənim üçün inanılmaz bir təcrübə oldu. Xüsusilə vurğulamaq istərdim ki, təşkilatçılıq ən yüksək səviyyədə idi. Yarışlarda iştirakçılar üçün hər cür şərait yaradılmışdı. Atletlər Kəndində idmançıların ixtiyarına verilmiş hər şey yeni, ərzaq məhsulları isə çox keyfiyyətli idi. Hər bir ehtiyacımız yüksək səviyyədə ödənilirdi. Hətta burada fəaliyyət göstərən kafelər belə 24 saat keyfiyyətli məhsullarla atletləri təmin edirdi. İstifadəmizə ən son standartlara cavab verən yeni avtobuslar verilmişdi. Bütün bunlar Azərbaycanın Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməsindən xəbər verirdi.”
“Bakı-2015” çərçivəsində keçirilmiş basketbol üzrə 3x3 yarışlarını təhlil edən idmançı güclü rəqiblərlə mübarizə apardıqlarını vurğulayıb: “Yarışlarda çox böyük təcrübə topladıq. Oyunlarda müxtəlif ölkələrdən idmançılarla mübarizə aparmaq çox maraqlı oldu. Artıq biz nəyə qadir olduğumuzu yaxşı bilirik. Gələcəkdə bu kimi beynəlxalq turnirlərdə daha yaxşı nəticələr göstərəcəyimizə əminəm”.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma