İQTİSADİYYAT


İtaliyalı iş adamları Azərbaycanla biznes əlaqələri qurmaq istiqamətində layihələr hazırlayacaq

Roma, 21 yanvar, AZƏRTAC

Roma Biznes Məsləhətçiləri və Mühasiblər Palatası və İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin (İAƏDC) birgə təşkilatçılığı ilə “Azərbaycanda maliyyə və bazar: imkanlar və çağırışlar” mövzusunda tədbir keçirilib. Tədbirdə İtaliya şirkətlərinin nümayəndələrinə Azərbaycana investisiya yatırımlarının faydaları xüsusi təqdimatlarla nümayiş olunub.

İtaliyalı iş adamlarının və müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarların böyük maraq göstərdiyi tədbirdə çıxış edən mühasiblərin və biznes məsləhətçilərinin Milli Şurasının nümayəndəsi Filippo Maria İnvitti Azərbaycanın italiyalı investorlar üçün yeni fürsətlər yaradacaq zəngin bir bazara malik olduğunu diqqətə çatdırıb. O deyib: “Birlikdə çalışdığınız şirkətlərə, tərəfdaşlıq etdiyiniz sərmayəçilərə Azərbaycan ilə biznes əlaqələri qurmağı tövsiyə edə bilərsiniz. Hesab edirəm ki, Azərbaycana maraq göstərənlər əvvəlcə bu ölkəyə səfər edərək, sabitliyin, təhlükəsizliyin, inkişafın şahidi olmalıdırlar. Əminəm ki, Azərbaycandan böyük təəssüratlarla qayıdacaqsınız”.

Tədbirdə çıxış edən İAƏDC-nin həmsədri, tanınmış jurnalist Dündar Keşaplı bildirib ki, son illər Azərbaycan ilə İtaliya arasında əlaqələr sürətlə inkişaf edir. Bu münasibətlərin tərəfdaşlıq səviyyəsinə yüksəlməsində Azərbaycanın siyasi və iqtisadi tərəqqisində önəmli rol oynayan Prezident İlham Əliyevin töhfəsi böyükdür. Azərbaycan təkcə enerji ehtiyatlarına görə deyil, idman, mədəniyyət, turizm və digər sektorlarda da önəmli nailiyyətlər əldə etmiş ölkədir. Bu baxımdan italiyalı iş adamlarının qeyri-neft sektorunda da Azərbaycandakı mövcud potensialı dəyərləndirməsi vacibdir.

İAƏDC-ın Azərbaycan tərəfdən həmsədri Rəşad Qurbanov ölkəmizin müstəqilliyinin bərpasından sonra qısa müddətdə keçdiyi inkişaf yolundan bəhs edib. Vurğulayıb ki, Azərbaycan xarici sərmayələrə açıq və uyğun bir ölkədir. Ölkəmizdə bankçılıq, kredit və vergi sistemləri, yeni şirkət qurmağın hüquqi tərəfləri barədə tədbir iştirakçılarına məlumat verən R.Qurbanov Azərbaycanda vergilərin bir çox Avropa ölkələrinə görə aşağı olduğunu xatırladıb. Diqqətə çatdırıb ki, ölkəmizdə yeni şirkət açmaq niyyətində olan iş adamlarına dövlət tərəfindən bir sıra güzəştlər edilir.

İtaliyada beynəlxalq marketinq sektorunda önəmli şirkətlərdən olan “Marco Polo”nun rəhbəri Patrizia Marin tədbirlə bağlı fikirlərini bölüşərək deyib: “Bugünədək fərqli ölkələrlə əməkdaşlıq etmişik, lakin bu toplantıdan sonra Azərbaycanla biznes əlaqələri qurmaq istiqamətində layihələr hazırlayacağıq. Bu baxımdan, İAƏDC ilə münasibətlərimizi daha da genişləndirmək niyyətindəyik”.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.