ELM VƏ TƏHSİL
İtaliyalı müəllifin Azərbaycan dilinə tərcümə edilmiş kitabı ədəbi əlaqələrin inkişafına töhfədir
Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 20-də Azərbaycan Dillər Universitetində (ADU) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru, professor Azad Məmmədovun ingilis dilindən tərcümə etdiyi, italiyalı alim Umberto Ekonun “Gənc romançının etirafları” kitabının təqdimatı olub.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti Həmidə Əliyeva və dosent Ülviyyə Məmmədova Umberto Ekonun həyat və yaradıcılığından danışıb, tərcümə olunmuş kitab və onun tərcümə metodları barədə məlumat veriblər. Vurğulanıb ki, yaxın günlərdə çapdan çıxmış bu kitab Azərbaycan-İtaliya ədəbi əlaqələrinin inkişafına mühüm töhfədir.
Kitabın tərcümə prosesindən, rastlaşdığı çətinliklərdən və yeniliklərdən söz açan A.Məmmədov ilk dəfə nəşri nəzərdən keçirərkən ədəbiyyat nəzəriyyəsi ilə bağlı olduğu üçün tərcümə etmək qərarına gəldiyini söyləyib. Kitab haqqında fikirlərini bölüşən professor nəşrdəki bəzi məlumatların latın dilində olmasının tərcümədə çətinliklər yaratdığını deyib.
Tədbirdə çıxış edənlər terminologiyaya verdiyi töhfələrə görə A.Məmmədova minnətdarlıqlarını bildirib, ona daha böyük uğurlar arzulayıblar.