SİYASƏT
İtaliyanın AGİ agentliyi AZƏRTAC-ın baş direktorunun müsahibəsini yayıb
Roma, 6 mart, AZƏRTAC
İtaliyanın AGİ agentliyi Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakıda keçirilmiş iclasından və AZƏRTAC-ın 95 illik yubiley mərasimindən bəhs edən material yayıb. Müəllif materialda AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun AGİ-yə müsahibəsinə də yer ayırıb.
Qeyd olunur ki, Dünya Xəbər Agentliklərinin V Konqresi 2016-cı ildə Bakıda keçiriləcək və 2016-2019-cu illərdə quruma AZƏRTAC sədrlik edəcək. Şuranın iclasında Konqresə hazırlıq məsələləri müzakirə olunub. Yubiley mərasimində dünyanın aparıcı xəbər agentliklərinin, mötəbər beynəlxalq və regional media qurumlarının rəhbərlərinin iştirakı xüsusi vurğulanıb.
Baş direktor müsahibəsində diqqətə çatdırıb ki, sürətli inkişaf dövrünü yaşayan Azərbaycan tolerant mühitin hökm sürdüyü, dinin dövlətdən ayrı olduğu bir ölkədir. Azərbaycan, eyni zamanda, sülh və sabitlik baxımından da model ölkə olmağa can atır. Müsəlman Şərqində ilk parlament respublikası, ilk opera məhz Azərbaycanda yaranıb. 95 il öncə isə Azərbaycanın ilk xəbər agentliyi olan AZƏRTAC-ın əsası qoyulub. “Azərbaycan Qərb ilə həm də media sahəsində güclü əlaqələr qurmaq istəyir”, – deyə A.Aslanov əlavə edib.
Müəllif Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun fikirlərinə də yer verib. Əli Həsənov qloballaşma dövründə medianın rolundan və əhəmiyyətindən bəhs edib.
Məqalə A.Aslanovun AZƏRTAC-ın tarixi və beynəlxalq əlaqələri barədə qeydləri ilə davam edir: “70 il ərzində Azərbaycan SSRİ-nin tərkibində olub və AZƏRTAC sadəcə azərbaycanlılar tərəfindən tanınıb. Bu gün isə biz 130-dan çox ölkənin media qurumları ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmuşuq. Xəbər istehsal edən qurumlar dünyanın dəyişən çağırışlarını anlamalı və onlara cavab verməlidir. 2016-cı ildə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası da Bakıda keçiriləcək. Bütün bunlar ölkəmizin əhəmiyyətinin və qlobal informasiya məkanına inteqrasiyasının bariz göstəricisidir”.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma