İQTİSADİYYAT
İtaliyanın “Designer” bloqunda “Milan Expo-2015” sərgisində nümayiş olunacaq Azərbaycan pavilyonu ilə bağlı yazı yerləşdirilib VİDEO
Yazıda qeyd olunur ki, qədim tarixin mirvarisi sayılan Azərbaycan təkcə zəngin enerji ehtiyatları ilə deyil, eyni zamanda, orqanik ərzaq məhsullarının istehsalına görə də tanınır. Bu amil “Milan Expo-2015” sərgisində nümayiş olunacaq Azərbaycan pavilyonunda əsas rol oynayacaq. İnsan sağlamlığı, biomüxtəliflik və ətraf mühitin elementləri pavilyonun əsas tərkib hissələri olacaqdır.
Taxta və qaya, şüşə və dəmir kimi elementləri özündə cəmləşdirən Azərbaycan pavilyonu modern və innovativ görüntüsü ilə diqqəti cəlb edəcək.
Oxucuların diqqətinə çatdırılır ki, pavilyon biosferin müxtəlifliyini əks etdirən üç hissədən ibarət olacaq. Bu struktur Azərbaycanda mövcud iqlim müxtəlifliyini nümayiş etdirməyə imkan yaradacaq. Pavilyonun ziyarətçiləri Azərbaycanın adət və ənənələri, mədəniyyəti və təklif etdiyi yeniliklərlə yaxından tanış ola biləcəklər.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma