QAN YADDAŞI
İtaliyanın “İl Messaggero” qəzeti: “Sonsuz dəhliz” filmi Xocalı dəhşətini bütün çılpaqlığı ilə gözlər önünə sərdi
Roma, 27 fevral, AZƏRTAC
İtaliyanın “İl Messaggero” qəzetinin saytında Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” sənədli filminin Romada keçirilmiş təqdimatı ilə bağlı məqalə yerləşdirilib.
Məqalədə bildirilir: “Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində Romada bu faciəni bütün reallığı ilə əks etdirən “Sonsuz dəhliz” filminin təqdimatı keçirildi. Filmdə Azərbaycanı qan gölünə çevirən Xocalı soyqırımı zamanı ermənilər tərəfindən yüzlərlə günahsız azərbaycanlının qətlə yetirilməsi dolğun dəlillərlə lentə alınıb”.
Film barədə məlumat verilən yazıda diqqətə çatdırılır ki, ekran əsərinin layihəsi litvalı jurnalist, 1992-ci ilin fevralında Xocalıda baş vermiş qətliamın ertəsi gün hadisə yerində olan Riçard Lapaitisin xatirələri əsasında ərsəyə gəlib. Filmdə Riçard Lapaitis o vaxtdan bəri unuda bilmədiyi Xocalı faciəsini uzun illər sonra hərbi müxbir kimi ictimaiyyətə çatdırır.
Müəllif vurğulayır ki, izləyiciləri sarsıdacaq qədər təsirləndirən bu filmdə Xocalı dəhşəti bütün çılpaqlığı ilə gözlər önünə sərilib. İnsan hüquqlarına dair beynəlxalq “Human Rights Watch” təşkilatı bu faciəni Dağlıq Qarabağ münaqişəsinin ən böyük qətliamı kimi dəyərləndirilib.
Sonda qeyd olunur ki, Azərbaycan hökuməti Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha geniş coğrafiyada çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atır.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma