SİYASƏT
İtaliyanın “International business times” portalı Azərbaycanın nailiyyətlərini təhlil edib
Analitik məqalədə qeyd olunur ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra zəngin neft ehtiyatları hesabına sürətlə inkişaf etməyə başladı. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə bir sıra xarici şirkətlər bu ölkəyə maraq göstərməyə başladılar. Bununla da Azərbaycan iqtisadiyyatı böyük ölkələrin investorları üçün açıq elan olundu. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilməsi ilə Azərbaycanın iqtisadiyyatında yeni mərhələ başladı. Dünyada iqtisadi artımın ən yüksək göstəricilərindən biri məhz bu ölkədə müşahidə olundu. Hökumət tərəfindən həyata keçirilən tədbirlər Azərbaycanın beynəlxalq səviyyədə önəmli bir aktora çevrilməsinə şərait yaratdı.
Müəllif Azərbaycanın balanslaşdırılmış xarici siyasət yürütdüyünü vurğulayaraq qeyd edib ki, ölkənin TAP layihəsi vasitəsilə Avropanı qazla təmin etməsi bu baxımdan önəmli məsələdir. Altı il ərzində yekunlaşması nəzərdə tutulan bu layihə ildə 10 milyard kubmetr qazı Avropaya daşıyacaq.
Oxucuların diqqətinə çatdırılır ki, Azərbaycanın yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. 1994-cü ildə tərəflər arasında atəşkəs barədə razılıq əldə edilsə də, cəbhə xəttində tez-tez silah səsləri eşidilməkdədir. Münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Məqalənin tam mətnini aşağıdakı linkdə oxumaq olar:
http://it.ibtimes.com/articles/70791/20140929/russia-azerbaijan-europa-occidente.htm
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma