QAN YADDAŞI
İtaliyanın “Piu-news” portalı: Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifələrindəndir
Roma, 26 fevral, AZƏRTAC
İtaliyanın “Piu-news” xəbər portalında Xocalı soyqırımın 23-cü ildönümü ilə bağlı məqalə yerləşdirilib.
Məqalədə bildirilir: “Xocalı hadisələrindən 23 il ötür. Bu faciəni sanki dünən baş vermiş kimi ağrı ilə xatırlayan Azərbaycan xalqı Xocalıda yaşananların beynəlxalq səviyyədə soyqırımı kimi tanınmasına səy göstərir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda törətdiyi qətliam nəticəsində 106 qadın, 63 uşaq, 70 qoca daxil olmaqla 613 nəfər dinc sakin vəhşicəsinə qətlə yetirilib”.
Yazıda oxucuların diqqətinə çatdırılır ki, şəhəri tərk etməyə məcbur olan dinc əhalini silahlı ermənilər güllələyib, onlara amansız divan tutublar. İnsan hüquqlarına dair beynəlxalq “Human Rights Watch” təşkilatı bu faciəni Dağlıq Qarabağ münaqişəsinin ən böyük qətliamı kimi dəyərləndirib. Azərbaycan faciənin soyqırımı aktı olması ilə bağlı səsini bütün dünyaya çatdırmağa çalışır. Xocalı soyqırımı Azərbaycanın müstəqillik tarixinin ən qanlı səhifələrindəndir.
Müəllif faciənin günahsız qurbanlarının xatirələrini anaraq, uşaqların, qadınların və yaşlıların amansızlıqla qətlə yetirilməsini insanlığa sığmayan ən qəddar hərəkət kimi qiymətləndirib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma