MƏDƏNİYYƏT
İtaliyanın Pozitano şəhərində azərbaycanlı yazıçı Məhəmməd Əsəd bəyin həyat və yaradıcılığına həsr olunmuş konfrans keçirilmişdir VİDEO
Pozitano, 12 iyun (AZƏRTAC). İtaliyanın Kampaniya vilayətinin Pozitano şəhərində azərbaycanlı yazıçı Məhəmməd Əsəd bəyin (Qurban Səid) həyat və yaradıcılığına həsr olunmuş konfrans keçirilmişdir.
Azərbaycanın İtaliyadakı səfirliyinin, Pozitano meriyasının, İtaliya-Azərbaycan Assosiasiyasının və “Nicola Longobardi” nəşriyyat evinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə İtaliyanın elmi dairələrinin, şəhər ictimaiyyətinin və KİV-lərin nümayəndələri, eləcə də tələbə mübadiləsi proqramı çərçivəsində bu ölkədə səfərdə olan “ADA” Universitetinin müəllim və tələbələri iştirak etmişlər.
Konfransı giriş sözü ilə açan İtaliya-Azərbaycan Assosiasiyasının prezidenti xanım Paola Kasaqrande belə bir tədbirin keçirilməsinin ölkələrimiz və xalqlarımız arasında mədəniyyət və incəsənət sahəsində daha sıx əlaqələrin qurulması baxımından vacibliyini vurğulamışdır. Qeyd etmişdir ki, tarixən bir çox istiqamətlərdə ortaq dəyərləri bölüşən xalqlarımız bu gün əməkdaşlıq əlaqələrini genişləndirməkdədirlər.
Pozitano şəhərinin meri Mikele De Luçia Azərbaycanın və İtaliyanın şəhərləri arasında münasibətlərin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, rəhbərlik etdiyi şəhərin 2013-cü ildə Azərbaycanın Naftalan şəhəri ilə tərəfdaşlıq əlaqələri qurmasından məmnunluq duyduğunu demişdir. Diqqətə çatdırmışdır ki, ömrünün son dörd ilini Pozitanoda keçirmiş Məhəmməd Əsəd bəyin yaradıcılığı iki xalq arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə vermişdir.
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov azərbaycanlı yazıçının həyat və yaradıcılığına həsr olunmuş belə bir tədbirin Pozitanoda keçirilməsinin ölkələrimiz arasındakı geniş əlaqələrin bariz göstəricisi olduğunu bildirmişdir. Diplomat ölkəmizin tarixinin əsas mərhələlərini, bugünkü siyasi, iqtisadi mənzərəsini konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirdə çıxış edən Milandakı Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun aparıcı tədqiqatçısı, professor Karlo Frappi, Neapolda fəaliyyət göstərən “Accademia Pontaniana” Cəmiyyətinin üzvü və mədəni irs üzrə mütəxəssisi Salvatore Ferraro konfransın italiyalı oxucuları Azərbaycanın mədəniyyəti, tarixi və ədəbiyyatı haqqında məlumatlandırmaq baxımından yaxşı imkan yaratdığını bildirmişlər.
Sonra “Əsəd bəy, azərbaycanlı yazıçı Pozitanoda” və yeni nəşrdə “Əli və Nino” kitablarının təqdimatı olmuşdur.
“Əsəd bəy, azərbaycanlı yazıçı Pozitanoda” kitabının müəllifi professor Romolo Erkolino nəşr haqqında məlumat verərək bildirmişdir ki, kitabda tanınmış Azərbaycan yazıçısı Məhəmməd Əsəd bəyin əlyazmaları, dərc olunmamış məktubları və ömrünün son dörd ilini keçirdiyi Pozitano ilə bağlı xatirələri yer almışdır.
Sonda Məhəmməd Əsəd bəyin həyat və yaradıcılığına həsr olunmuş film nümayiş etdirilmişdir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Pozitano