DÜNYA
İtaliyanın cənubunda meşə yanğınları tüğyan edir
Bakı, 14 iyul, AZƏRTAC
Artıq bir neçə gündür ki, meşə yanğınlarının davam etdiyi İtaliyanın cənubunda fövqəladə vəziyyət əvvəlki kimi mürəkkəb olaraq qalır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, təbii fəlakət Kalabriyada iki nəfərin həyatına son qoyub. Onlardan biri tüstüdən boğularaq, digəri isə əmlakını xilas etməyə cəhd göstərərkən yanaraq ölüb.
Milli yanğınsöndürmə xidmətinin məlumatına əsasən, hazırda Apennində meşə yanğınları ilə mübarizəyə 14 “Canadair” tipli xüsusi təyyarə və 21 helikopter cəlb olunub. Daha 3 təyyarə isə Fransadan gəlib.
Yanğınlar demək olar ki, bütün cənub vilayətlərini – Kampaniya, Apuliya, Bazalikata, Kalabriya və Siciliyanı cənginə alıb. Hazırda Siciliyada son dərəcə gərgin vəziyyət yaranıb: adanın 9 əyalətindən 8-də güclü yanğın ocaqları qeydə alınıb. Yüzlərlə yerli sakin təxliyə olunub. İtaliyan Daxili İşlər Nazirliyi yanğınların əksəriyyətinin qəsdən törədildiyini bildirib. Yayın əvvəlindən başlayaraq Apennin yarımadasında davam edən güclü istilər vəziyyəti bir qədər də çətinləşdirib.