SİYASƏT
İtaliyanın “nextme.it” saytında Abşerondakı “Yanardağ”la bağlı məqalə və reportaj yerləşdirilmişdir VİDEO
Roma, 15 may (AZƏRTAC). İtaliyanın “nextme.it” saytında Abşerondakı “Yanardağ”la bağlı məqalə və reportaj yerləşdirilmişdir.
Məqalədə “Yanardağ”ın qeyri-adi xüsusiyyətlərindən ətraflı bəhs olunur. Qeyd edilir ki, dayanmadan yanmağa davam edən nadir “Yanardağ” Azərbaycanın paytaxtı Bakıdan 25 kilometr uzaqlıqda, Abşeron yarımadasında yerləşir. Bu fərqli məkan Azərbaycanın “Odlar yurdu” adlanmasının heç də təsadüfi olmadığını göstərir.
Yazıda vurğulanır ki, Azərbaycana gələn turistlərin böyük marağına səbəb olan “Yanardağ” 116 metr hündürlükdə qayalıqdan ibarət və təbii qaz ehtiyatlarının təsiri nəticəsində fasiləsiz olaraq yanan nadir bir məkandır.
Məqalədə tədqiqatçıların “Yanardağ”ın özünəməxsus cəhətləri ilə bağlı arqumentlərinə də yer verilmişdir. Onların fikrincə, “Yanardağ” yerin alt təbəqəsində mövcud olan təbii qaz və neft ehtiyatlarının təsiri ilə meydana gələn alovlanma prosesinin nəticəsidir. Eyni zamanda, bu ərazidə palçıq vulkanlarının olması da spesifik haldır. Lakin palçıq vulkanlarının belə bu alovun sönməsinə təsir edə bilməməsi daha çox maraq doğurur. Yerli sakinlər “Yanardağ”ı həmişə müqəddəs bir məkan kimi ziyarət edirlər.
Müəllif qeyd edir ki, axşam saatlarında 10 metrədək qalxan alov möhtəşəm bir görüntü yaradır. Buraya gələn insanlar inanılmaz bir mənzərənin şahidi olurlar.
Yazıda oxucuların diqqətinə çatdırılır ki, “Yanardağ” hazırda dövlət tərəfindən qorunan önəmli bir məkandır. Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu bu ərazidə yanan daha iki yeni təpə aşkar etmişdir. Hazırda müvafiq istiqamətdə tədqiqatlar davam etməkdədir.
Saytda “Yanardağ” haqqında hazırlanmış xüsusi reportaj da yerləşdirilmişdir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma