İQTİSADİYYAT
İtirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılması üzrə 5 qurum memorandum imzalayıb
Bakı, 14 mart, Elvira Məmmədova, AZƏRTAC
Martın 14-də "Azlntelecom" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC-nin itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edən "Poçtap" sosial layihəsi çərçivəsində 5 qurum arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandum Bakı Şəhər Baş Polis İdarəsi, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti, "BakuBus" MMC və Azərpoçt" MMC arasında imzalanıb.
Sənədə əsasən, həmin qurumlar "Poçtap" xidmətini dəstəkləmək, daim əlaqəli işləmək, əməkdaşlar tərəfindən tapılan sənədləri poçt inkassasiyasına təhvil vermək, eləcə də vətəndaşları "Poçtap" xidməti barədə məlumatlandırmaq üzrə öhdəliklər götürüblər.
“Azərpoçt” MMC-nin direktoru vəzifəsini müvəqqəti icra edən Sübhan Kazımov məlumat verib ki, "Poçtap" xidməti çərçivəsində tapılmış sənədlər poçt müəssisələri və “Şəbəkə” xidmət mərkəzləri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sahiblərinə, əks təqdirdə aidiyyəti orqana təslim edilir. Belə ki, istənilən şəxs təsadüfən tapdığı sənədi istənilən poçt qutusuna ata və ya istənilən poçt şöbəsinə, eləcə də "Şəbəkə" xidmət mərkəzlərinə anonimliyini qorumaq şərtilə təhvil verə bilər. Poçta daxil olmuş sənəd müvafiq proqramda qeydiyyata alınmaqla, avtomatik şəkildə sənəd sahibinin əlaqə məlumatları axtarılır və tapıldığı təqdirdə telefon mərkəzinin əməkdaşı tərəfindən həmin şəxslə əlaqə yaradılır.
Eyni zamanda, sənədini itirmiş şəxs "Poçtap" xidmətinin rəsmi internet səhifəsindən (https://www.pochtap.az), "169" saylı telefon mərkəzindən və ya istənilən poçt şöbəsindən sənədinin tapılıb-tapılmamasını öyrənə bilər və tapılmadığı halda itirilən sənədi axtarışa verə bilər.
Sənədi tapılan şəxs onu sənədinin mövcud olduğu filialdan əldə edə və ya telefon mərkəzinə müraciət edərək, yaxınlıqdakı poçt şöbəsinə çatdırılmasını sifariş verə bilər. Sənədin poçt müəssisələrində saxlanılma müddəti 30 gündür. Sonra sənəd təyinatı üzrə aidiyyəti orqana (Daxili İşlər, Xarici İşlər, Təhsil nazirliklərinə və s.) təqdim edilir.
Qeyd edək ki, “Poçtap” xidməti çərçivəsində sənədi tapılan şəxslər 1,80 manat xidmət haqqı ödəyərək sənədi poçt şöbələrindən və “Şəbəkə” xidmət mərkəzlərindən təhvil ala bilər. Sənədin ünvana çatdırılması lazım gəldikdə isə, çatdırılma rüsumu “Azərekspresspoçt”un xidmət tariflərinə uyğun hesablanır.