CƏMİYYƏT


İtkin düşən neftçilərə görə sığorta ödənişi veriləcək

Bakı, 16 dekabr, AZƏRTAC

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin 3 nömrəli Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uçması nəticəsində itkin düşən neftçilərin “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”sı “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən həyata keçirilib.

Bu barədə AZƏRTAC-a “PAŞA Həyat”ın mətbuat katibi Elnur Hüseynquluyev məlumat verib.

“Hadisə ilə bağlı “Azneft” İB tərəfindən “PAŞA Həyat Sığorta” şirkətinə rəsmi müraciət daxil olmayıb, şifahi məlumat verilib. Yəqin ki, rəsmi müraciət olunacaq. Hazırda şirkətdə yaradılmış xüsusi qrup tərəfindən qəzada həlak olan neftçilərin siyahısı və onların ailə tərkibləri dəqiqləşdirilir. Ödənişlərin verilməsində heç bir problem olmayacaq. Ödənişlər qanunvericiliyə müvafiq qaydada tam vaxtında veriləcək. Müvafiq qurumlar tərəfindən lazımı sənədlər təqdim edildikdən sonra onların ailələrinə sığorta ödənişləri ediləcək”, - deyə E.Hüseynquluyev bildirib.

Qeyd edək ki, dekabrın 15-də baş vermiş hadisə nəticəsində 10 neftçi itkin düşüb. Onlardan birinin cəsədi dənizdən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.