SİYASƏT
İtkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınanlardan 25 nəfərin taleyinə aydınlıq gətirilib
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu tərəfindən 2013-cü il ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində itkin düşmüş şəxs kimi Komissiyada qeydiyyata alınanlardan 25 nəfərin taleyinə aydınlıq gətirilib, onların adları itkinlərin siyahısından çıxarılıb. Həmin şəxslərdən birinin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 5 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 19 nəfərin isə siyahılardan təkrar keçdiyi müəyyən edilib.
Komissiyadan AZƏRTAC-a bildiriblər ki, 2014-cü il 1 noyabr tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4016 nəfər təşkil edib. Onlardan 3256-sı hərbçi, 758-i mülki şəxsdir. İki nəfərin hərbçi və ya mülki şəxs olduğu məlum deyil.
Mülki şəxslərdən 59-u itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 nəfər azyaşlı qız), 254-ü qadın, 351-i yaşlı şəxsdir (154 qadın).
Əsir, itkin düşmüş 4016 nəfərdən 877-nin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub, şahid ifadələri alınıb.
Münaqişə müddətində 1419 nəfər əsir və girovluqdan azad edilib. Onlardan 347-si qadın, 1072-si kişidir. Həmin şəxslərdən 207-si uşaq (73 nəfər azyaşlı qız), 287-si isə yaşlı şəxsdir (110 nəfər yaşlı qadın).
Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 554 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyənləşib. Onların 104 nəfəri qadın, 449 nəfəri kişidir. 137 nəfərin yalnız adı məlumdur, 75 nəfər isə naməlum şəxsdir.