SİYASƏT
İvan Moreyra: Dağlıq Qarabağı respublika kimi tanımırıq, bilirik ki, işğal olunmuş ərazidir
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də Milli Məclis sədrinin müavini Bahar Muradova Çili Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Moreyranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqların əlamətdar bir vaxtda Bakıya gəldiklərini vurğulayan Bahar Muradova referendumun məqsədləri barədə danışıb. Azərbaycanda dövlət quruculuğunun möhkəmləndirilməsinə ciddi diqqət yetirildiyini, bu baxımdan müxtəlif sahələri əhatə edən ardıcıl islahatların həyata keçirildiyini bildirib. Bahar Muradova Azərbaycan-Çili əlaqələrinin genişləndirilməsi, münasibətlərin dərinləşdirilməsi istiqamətində hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qruplarının çox iş görə biləcəyini qeyd edib. Qloballaşan dünyada bütün ölkələrin müasir çağırışlara qoşulmasının vacibliyini vurğulayıb.
Milli Məclisin sədr müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində Çili Senatını haqqı və ədaləti dəstəkləməyə çağırıb. O deyib ki, müasir dünyada sülhün bərqərar olması üçün ölkələrin ərazi bütövlüyü və suverenliyi qorunmalıdır.
Görüşdə nümayəndə heyətinin rəhbəri, Çili Senatında Azərbaycanla dostluq qrupunun sədri İvan Moreyra bildirib ki, Azərbaycan bölgədə vacib ölkədir və biz bu ölkə ilə əlaqələrin intensivləşməsini arzulayırıq. Qonaq ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini nəzərə çatdırıb. Qeyd edib ki, Çili Dağlıq Qarabağı respublika kimi tanımır, biz bilirik ki, hazırda Dağlıq Qarabağ Azərbaycanın işğal olunmuş ərazisidir. Parlament diplomatiyasının əhəmiyyətini yüksək dəyərləndirən İvan Moreyra qarşılıqlı səfərlərin böyük səmərə verə biləcəyini söyləyib.
Görüşdə Çili Senatının xarici əlaqələr komitəsinin sədri Xorxe Pisaro da fikirlərini bölüşüb.
Söhbət zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.